Drawer trigger

Əllamə Əminin həyatı və möhtəşəm "Əl-Qədir" əsəri

"İnsanın Allaha məhəbbəti nə qədər çox olarsa, o qədər də günahdan uzaq olar" ifadəsi onun ən məşhur sözlərindən biri idi"... 1902-ci (h.q. tarixilə 1320-ci) ildə Təbriz şəhərində yaşayan çox sadə, eyni zamanda elm və təqva dolu bir azərbaycanlı ailəsinin evində doğan bir günəş dövrün fəqihi və müctəhidi olan Ayətullah Mirzə Əhməd Əmini Təbrizinin ailəsinə sevinc bəxş etdi. Həmin gün əziz oxuculara təqdim olunan bu "Əl-Ğədir" kitabının müəllifi Əllamə Ayətullah Əbdül-Hüseyin Əhməd Əmini dünyaya göz açdı. Atası dünyaya gələn övladının qəlbinə elə ilk gündən Əhli-beyt (ə) eşqini aşılamaq və bu yolda addımlaması arzusu ilə ona Əbdül-Hüseyn adını qoymuşdur. Heç təsadüfü deyil ki, Allahın Rəsulunun (s.ə.a) əziz nəvəsi olan İmam Hüseynin (ə) şəhadəti və qanlı Kərbəla hadisəsi bahasına başa gələn imamət və vilayət yolu Əbdul-Hüseynin qələminin mürəkkəbi və "Əl-Ğədir" adlı əsəri ilə bir daha canlandı. Mən Əllamə Əminin dünyaya göz açdığı ailə, ulu əcdadı və yaşadığı həyat tərzi haqqında araşdırma aparıb yaxından tanış olduqdan sonra onun bu istiqamətdə əldə etdiyi nailiyyətlərə heç də təəccüblənmədim. Çünki onun babası, yəni Ayətullah Mirzə Əhmədin atası Molla Nəcəfqulu da öz yaşadığı dövrün böyük alimlərindən və tanınmış şəxsiyyətlərindən olmuşdur. O, hələ kiçik yaşlarında yaşadığı Sərdəha kəndində (Təbriz) ilk təhsilini almış və ailə qurduqdan sonra ailəsi ilə birlikdə 1304-cü ildə Təbriz şəhərinə köçərək, orada elmi səviyyəsini daha da artırmışdır. Xalq arasında zahid, fazil, təqvalı, ədəbiyyatçı kimi tanınan Molla Nəcəfqulunun "Əminuş-şəri" (şəriətin əmanətçisi) ləqəbi ilə məşhur olması onun övladlarının və özündən sonra gələn bütün ailəsinin "Əmini" soyadını daşımasına səbəb olmuşdur. O, yaşadığı dövrdə Əhli-beytdən (ə) nəql olunan hədis və rəvayətlərə çox önəm verirmiş, bir neçə nüsxə rəvayət kitabları qələmə almış, həmçinin fars və azəri türkcəsində bir neçə şeir də yazmışdır. O, bütün şeirlərində "Vasiq" təxəllüsündən istifadə etmişdir. Molla Nəcəfqulu haqqında yazılan tarixi bir hadisəni xüsusi olaraq qeyd etmək istəyirəm. Belə ki o, 1921-ci (h.q. tarixilə 1340-cı) ildə 83 yaşında vəfat etmiş və Təbrz şəhərində dəfn edilmişdir. Lakin öz vəsiyyətinə əsasən, 13 ildən sonra onun nəşi Nəcəf şəhərinə aparılmış və "Vadius-səlam" (İslam dünyasının ən böyük qəbiristanlığı kimi tanınan həmin məkanda əslən azərbaycanlı olan minlərlə digər alimlərin də məzarları vardır) qəbiristanında torpağa tapşırılmışdır. Onun nəşini ikinci dəfə Nəcəfdə dəfn edən şəxslərin dediyinə görə, onun ruhsuz bədəni 13 il torpağın altında qalmasına baxmayaraq, tamamilə salamat qalmışdı. Qeyd olunduğu kimi, Əllamə Əmininin atası Ayətullah Mirzə Əhməd Əmini Təbrizi də öz dövrünün ən böyük müctəhidlərindən biri idi. O, yaşadığı dövrdə "əl-Mufəccə" qəsidəsinin və Şeyx Ənsarinin "Məkasib" adlı kitabına şərhin müəllifi olmuş, 1950-ci (h.q. tarixilə 1370-ci) ildə vəfat edərək, Qum şəhərinin "Noşəhr" adlı qəbiristanında dəfn edilmişdir. Əbdül-Hüseynin uşaqlıq çağları digər həmyaşıdları kimi ötəri keçməmişdir. Onun fitri istedada və iti zehinə sahibolması özünü elə kiçik yaşlarından büruzə verməyə başlamışdı. Güclü yaddaşı və dini mövzuları sürətli şəkildə qavrama qabiliyyəti hər kəsi heyran etmişdi. Yaxın ətrafında hər kəs onun gələcəkdə görkəmli bir elm xadimi olacağını zatən təxmin edə bilirdi. Ailəsinin dindar və xüsusilə atasının tanınmış bir alim olması gün keçdikcə onu dini mövzulara daha da bağlayır və Quran elmlərinə olan marağını günbəgün artırırdı. Bu sahədə ilk ustadının doğma atası olması da onun təlim-təbiyəsində öz müsbət təsirini qoymuşdu. Kiçik yaşlarından ev şəraitində başlayan təhsili 16 yaşına qədər davam etmişdi. Bu müddət ərzində azərbaycanlı ailədə böyüyən Əbdül-Hüseyn fars və ərəb ədəbiyyatına tam mükəmməl şəkildə vaqif olmuşdu. Sonralar isə məntiq, fiqh və üsul kimi fənlərə də müəyyən həddə yiyələnməyi bacarmışdı. 16 yaşına çatdıqda isə o, elmi səviyyəsini artırmaq, İslamın sonsuz dəryasından daha çox damlalar əxz etmək üçün Nəcəf şəhərinə yola düşür. Tam 16 il, yəni 32 yaşına qədər Nəcəf şəhərində elmi təhsilini davam etdirir. O, bu müddət ərzində Ayətullah Seyid Muhəmməd ibn Muhəmməd Baqir Hüseyni Firuzabadi, Ayətullah Seyid Əbu Turab ibn Əbul-Qasim Xansari, Ayətullah Mirzə Əli ibn Əbdül-Hüseyn İrəvani və Ayətullah Mirzə Əbül-Həsən ibn Əbdül-Hüseyn Meşkini kimi böyük ustadlardan yüksək səviyyədə dərs alaraq bəhrələnir. Dərslərində və davranış qaydalarında nizam-intizamı ilə seçilən Əllamə Əmini tələbəlik dönəmində də hər kəsin nümunə göstərə biləcəyi və haqqında həmişə tərif deyə biləcəyi bir şəxs olmuşdur. O istər gündəlik həyatında, istərsə də dərslərində qarşılaşdığı bütün çətinlikləri Əhli-beytə (ə), xüsusilə İmam Əlinin (ə) müqəddəs hərəmində o həzrətə təvəssül etməklə həll edərmiş. Nəhayət, 32 yaşına çatdıqda yenidən doğma torpağı olan Təbrizə geri dönür. Orada az bir zaman keçirsə də, yurduna çatdığı gündən etibarən təlim-tədris işlərinə başlayır. Özünün elmi dərəcəsini inkişaf etdirməklə yanaşı, xalqın da maariflənməsində mühüm rol oynayır. Təbrizdə qaldığı o az bir müddətə çox böyük işlər sığışdıra bilir. İlk dəfə qələmə aldığı "Fatihətul-kitab" adlı təfsir kitabını da elə həmin vaxt yazır. Əllamə Əmininin Peyğəmbər (s) və onun Əhli-beytinə (ə) olan sevgisi dillərdə dastan idi. Lakin onun Əhli-beytdən olan bir şəxsə, Əmirəlmöminin Əli (ə) şəxsiyyətinə olan məhəbbəti xüsusilə fərqlənirdi. Hətta o, öz doğma vətənində belə, o həzrətin mübarək məzarının həsrətinə çox davam gətirə bilmədi və yenidən Nəcəfə yola düşdü. O, burada birdəfəlik məskunlaşmaq qərarına gəldikdən sonra dərhal təlim və təhsil fəaliyyətinə başladı. Əllamə vaxtaşırı Nəcəfdə keçirilən elmi-təhqiqat məclislərinə qatılır və adlı-sanlı ustadların münazirələrində iştirak edirdi. Din yolunda göstərdiyi fədakarlıq, nəhayət, onu elmi ictihada çatdırır. Onun bu ictihadını Ayətullah Seyid Əbül-Hüseyn Musəvi İsfahani, Ayətullah Şeyx Əli Əsğər Mələki Təbrizi və "Ağa Bozorq Tehrani" ləqəbi ilə tanınan Ayətullah Şeyx Muhəmməd Muhsin Tehrani kimi böyük alimlər təsdiqləmişdilər. Zöhdü, təqvası və dini hökmlərə kamil riayət etməklə keçirdiyi ömrü ərzində onun haqqında tərifdən başqa heç bir söz eşidilməmişdir. O, bu xoş əxlaqı və səmimiyyəti ilə öz məqsədinə gün keçdikcə daha da yaxınlaşırdı. Yüksək elmi səviyyəsinin müqabilində heç bir zaman təvazökarlığını tərk etməyən Əllamə Əmininin əməllərində heç bir zaman riyakarlıq və təkəbbürlük müşahidə edilməmişdi. Xüsusilə danışığına çox diqqət edər, elmi-əqidəvi bəhslərdə həddən artıq təmkinli davranar, heç vaxt qəzəblənməz və ədəb qaydalarını pozmazdı. Bir sözlə desək, o, tam sevgi və məhəbbət dolu bir şəxsiyyət idi. Təsəvvür edin ki, söhbətlərində xüsusilə hər şeyi məhəbbətə bağlayar və bu hikmət dolu sualı hər yerdə işlədərdi: "هل الدین الا الحب" (din məhəbbətdən başqa bir şeydirmi?) O, hətta yaradılışın əsasının da Allahın bəndələrinə qarşı olan məhəbbətindən irəli gəldiyini təkrar-təkrar söyləyərdi. "İnsanın Allaha məhəbbəti nə qədər çox olarsa, o qədər də günahdan uzaq olar" ifadəsi onun ən məşhur sözlərindən biri idi. Məhəbbət mövzusunda bir başqa maraqlı cümləsi "Namazına zəif diqqət edən şəxsin Allaha qarşı məhəbbətində nöqsan var" idi. O, sadəcə, tövsiyə etməklə məşğul deyil, tövsiyə etdiklərindən də artıq bir əmələ sahib bir şəxs idi. Heç vaxt ibadətlərini gecikdirməzdi. Xüsusi adətinə görə, gecələr sübhə qədər gecə namazı qılar və sübh namazından sonra saatlarla Quran oxuyardı. Və o, ömrünün sonuna qədər bu proqramını heç pozmadı. Yeri gəlmişkən, onun Quranla olan ünsiyyəti də bir başqa aləm idi. O, ancaq Ramazan ayında özünü o ayın gəlişinə hazırlayar və bir ay müddətində 15 Quran xətm edərdi. Bu rəqəmin də onun üçün bir başqa anlamı var idi. 14 Quranı 14 Məsum (ə) üçün və birini isə əziz anasının ruhuna hədiyyə edərdi. Bundan başqa o, əlavə olaraq, digər aylarda da bir neçə Quran xətm edərdi. Onun Qurana nə qədər vaqif olması zatən yazdığı əsərlərindən də özünü büruzə vermişdir. Məhz bütün bu müsbət xüsusiyyətlər və bunlar ilə yanaşı, Əmirəlmöminin Əliyə (ə) olan dərin məhəbbəti onu "əl-Ğədir" adlı bu möhtəşəm əsəri yazmağa sövq etdi. Onun bu kitabı yazmaq üçün sadəcə, mütaliə etdiyi kitab sayı on mindən çoxdur. O, günün 17 saatını, öz sözü ilə desək, hər kitabın "Bismillah"-ının "ba"-sından, "Təmmət"-inin "ta"-sına qədər dəqiqliklə mütaliə etməklə keçirərdi. Hər dəfə bir mətləbi kitaba əlavə etmək və onu dəqiqləşdirmək lazım gəlirdi. Bu minval ilə o, yüzə yaxın kitabı təkrar-təkrar oxumalı olurdu. Bu ensiklopedik əsərin əhəmiyyəti haqqında bunu söyləmək kifayətdir ki, o, tədqiqat müddəti ərzində bir çox xarici ölkələrə səfər etmiş, böyük zəhmətlərə qatlaşaraq minlərlə kitab nəzərdən keçirmiş, minlərlə mənbəni diqqətlə, səhifə-səhifə oxuyaraq qeydlər aparmışdır. O, İraqdakı kitabxanalarda mövcud olan əlyazma və mətbəə kitablarını araşdırıb oxumaqdan əlavə, 1960-cı (h.q. tarixilə 1380-ci) ildə Hindistana getmiş və dörd ay müddətində orada qalmışdır. Əlyazma kitab nüsxələrini özü üçün köçürtməkdən əlavə, bu müddət ərzində ölkənin mühüm kitabxanalarında olan bir çox qaynaqları da oxuyaraq araşdırmışdır. 1964-cü (h.q. tarixilə 1384-cü) ilin baharında Suriyaya getmiş, orada qaldığı müddət ərzində Dəməşq və Hələbdəki dörd əsas kitabxananın əlyazma kitablarını mütaliə edərək araşdırmışdır. Əllamə "Səmərətul-əsfar İləl-əqtar" kitabının ikinci cildinin müqəddiməsində 250-dən çox əlyazması qaynağı qeyd etmişdir ki, bu da həmin səfərində o kitablardan digər kitablara nisbətlə daha çox istifadə etmişdir. 1967-ci (h.q. tarixilə 1387-ci) ildə Türkiyəyə getmiş və təxminən bir ay boyunca İstanbul və Bursadakı ən əhəmiyyətli kitabxanalarda olan kitabları oxuyaraq araşdırmışdır. O dövrün şərtlərinə əsasən, sayı minlərlə olan bu kitablarda lazım olan mövzuları əl yazısı ilə köçürmək lazım gəlirdi. O da heç yorulmadan və böyük həvəslə bu müqəddəs işini davam etdirirdi. Nəticədə, İslam dünyasında hər kəsə vacib və lazım olan bu əsəri ərəb dilində 20 cilddən ibarət olmaqla yaratmağa müvəffəq oldu. Nəhayət, Ustad Cəlaluddin Humayinin ifadəsi ilə desək, "Əmininin öz əqidəsi üçün etdiyi xidmət yolunda işinin çoxluğu və saysız zəhmətləri yavaş-yavaş bədənini zəiflətdi və onun ölümünə səbəb oldu". Bəli, bu qoca dünyanın bəşəriyyət tarixi 1970-ci ilin iyul ayının 7-də (h.q. tarixilə 1390-cı il, rəbi-us-sani ayının 28-ində) cümə günü sübh çağı İran İslam Respublikasının paytaxtı Tehran şəhərində bir bərəkətli ömrün bu şəkildə başa çatmasına şahidlik etdi. Özünün vəsiyyətinə görə, mübarək nəşini Nəcəfə, sevdalısı olduğu mövlası Əmirəlmöminin Əlinin (ə) mübarək məzarının yanına, lap daha dəqiq desək, hərəmin içində özünün tiktirdiyi kitabxanasına gətirdilər və oradaca dəfn etdilər. Onun nəşinin İraqa girişi ilə Nəcəf şəhəri başda olmaqla Bağdad, Kərbəla, Kazimeyn, Samirra və digər şəhərlərdən yüz minlərlə insan seli Əmirəlmöminin Əlinin (ə) müqəddəs hərəminə tərəf axmağa başladı. İslam coğrafiyasının bir çox ölkələrində onun adına məclislər quruldu və təziyələr keçirildi. Mərhum Əllamə Əmininin ölümündən bir neçə dəqiqə öncə xırıltılı nəfəsi ilə etdiyi bir duanı vurğulamadan keçə bilmərəm. Ömrünün son anlarında Kərbəla türbəti ilə qarışdırılmış su ilə dodaqlarını isladan gözü yaşlı oğlu Hacı Şeyx Rza Əmini bir sıra münacatlar oxuyur, mərhum Əllamə də çətinliklə də olsa, təkrar edirdi. Nəhayət, son an gəlib çatdı və başının üstünə toplananlar o mərhumun dilindən bu duaları eşitdilər: اللهم هذه سکرات الموت قد حلّت فاقبل الیّ بوجهک الکریم، و اعنّی علی نفسی بما تعین به الصالحین علی انفسهم... "İlahi! Bu mənə doğru gələn ölüm anıdır. Mənə bir nəzər et və mənə salehlərə etdiyin kimi kömək et!" Bu duadan sonra, həmin dodaqlar bir daha tərpənmədi və onun pak ruhu özünün həqiqi mənzilinə qanad açdı. Lakin onun yaratdığı əsərlər onu ölümsüzləşdirərək əbədiləşdirdi. Əllamə Əmini elə bir həyat yaşadı ki, istər müasir dövrümüzdə, istərsə də gələcəkdə xatırlanmadığı bir zamanı təsəvvür etmək belə mümkün deyildir. O, vilayət və imamət yolunda elə bir xidmət göstərmişdir ki, Qiyamətə qədər İslam dini var olduqca, müsəlmanlar arasında söz Qədir-xumdan düşdükdə ilk ağla gələcək ad onun adı olacaqdır. Çünki o, buna, həqiqətən, layiq idi. Yaratdığı "Əl-Ğədir" əsəri onu hələ daha çox xatırladacaqdır. Bu əsərə gəlincə, bildirmək istəyirəm ki, onun haqqında müxtəlif məzhəbdən olan çox dəyərli alimlər müsbət fikirlər bildirmiş, heyrətlərini gizlətməmişlər. Hətta bu əsərin şəninə şeirlər belə nəzmə çəkilmişdir. Mən isə burda, sadəcə, bir neçə alimin sözünü xüsusi vurğulamaq istərdim. Onlardan mərhum Ayətullah Seyid Muhsin Həkim və Ayətullah Seyid Hüseyn Həmmami bu kitab haqqında deyiblər: لا یَاتیهِ الباطلُ مِن بَینِ یَدَیه – "Bu kitaba batil qarışmaz." Digər Ayatullahül-üzmalar Seyid Əbdül-Hadi Şirazi, Şeyx Muhəmməd Rza Ali-Yasin və Əllamə Ordubadi bu əsər haqqında aşağıdakı ifadəni səsləndiriblər: لاریبَ فیه هُدیً لِلمُتقین –"Təqvalılar üçün barəsində heç bir şəkk-şübhə olmayan hidayət mənbəyidir" Heç şübhəsiz ki, bu kitabın ərsəyə gəlməsini, sadəcə, bir şəxsin elmi gücünün məhsulu kimi də qiymətləndirmək olmaz. Burada Allahın lütfü və inayəti də öz sözünü demişdir. Xüsusilə Əmirəlmöminin Əlinin (ə) haqqında həqiqətləri aydınlığa çıxaran bu kitab o Həzrətin də nəzərindən kənarda qalmamışdır. Əlbəttə ki, belə bir uğurlu və müqəddəs bir işin nəfis şəkildə formalaşmasında qeyb aləminin də təzahürü istisna deyildir. "Əl-Ğədir" kitabının çapına ilk olaraq 1953–cü (h.q. tarixilə 1373-cü) ildə Nəcəf şəhərində başlanmışdır. Doqquz cildini tamamlayan Əllamə Əmini ilk cildin çapından yeddi il keçdikdən sonra Əmirəlmöminin Əlinin (ə) hərəmində bir kitabxana tikdirir və "Əl-Ğədir" ilə yanaşı, həmin kitabxanaya 42 min adda kitab qazandırır. O, Qədir-xum bayramı münasibətilə açılışını etdiyi kitabxananı "İmam Əli (ə) kitabxanası" adlandırır. Əllamə Əmininin öz dəsti-xətti ilə yazaraq həmin kitabxanaya qazandırdığı kitab ancaq "Əl-Ğədir"dən ibarət deyil. O, bu kitabdan əlavə "Şuhədaul-fəzilə", "Siyrətuna və Sunnətuna", "Kamiluz-ziyarat", "Ədəbuz-zair", "Təfsiru fatihətil-kitab", "Əlamul-ənam" və digərləri də daxil olmaqla toplam 13 adda əlavə kitab tərtib etmişdir. İslam dünyasında bu əsərin bir başqa rolu isə məzhəblərarası birlik və bərabərliyi möhkəmləndirməsidir. Kitabın yazılmasından 50 ildən yuxarı vaxt keçməsinə baxmayaraq, istər sünni və istərsə də şiə alimlərdən bir fərdinin belə bu kitabın bir sətrinə təkzib yazmaması bu əsərin önəmini bir daha ortaya qoyur. Xüsusilə belə bir dövrlərdə bu kitabın oxunması və mərhum müəllifin öz doğma dili olan azəri türkcəsinə tərcümə edilməsi də bir başqa anlam daşıyır. Odur ki, şəxsim adına bu işdə zərrə qədər də olsa, zəhmətim olduğu üçün özümü çox xoşbəxt hesab edir və bu işdə zəhməti olan hər kəsə – başda "Qələm" nəşriyyatının müdiriyyətinə – tədqiqatçı Hacı Ceyhun Cəfərov və şərqşünas Hacı Yusif Bağırova, hörmətli redaktorumuz, şərqşünas alim və BDU-nin müəllimi Hacı Mais Ağaverdiyevə, qarşıma çıxan çətinliklərdə öz köməyini heç bir zaman əsirgəməyən Xaçmaz şəhər məscidinin imamı, əziz dostum Hacı Nazim Məmmədova, digər cildlərin tərcüməçilərinə və bu əsərin doğma dilimizdə ərsəyə gəlməsində zəhməti olan hər kəsə şəxsən öz adımdan və bir ruhani olaraq Azərbaycanın müsəlman xalqı adından dərin minnətdarlığımı bildirirəm. Onları əmin etmək istəyirəm ki, Azərbaycanın dini həyatında ən layiqli və ən şərəfli bir işə imza atmış oldunuz. Odur ki, istər Allah dərgahında və istərsə də xalqın yanında bu zəhmətlər heç bir zaman qarşılıqsız qalmayacaqdır. Bu niyyət ilə bu əsərin ölkəmizin gələcək həyatında xeyir işlərə vəsilə olacağını arzulayıram. /Zaur Məmmədov shabesta