Hicab nə üçündür?
Hicab nə üçündür?
Author :
Zəhra Hüseynzadə
0 Vote
327 View
Təəssüf ki, cəmiyyətimizdə ailə institutu əksər Qərb cəmiyyətlərində görünən tənəzzülə doğru getməkdədir “Kişi ehtiras köləsi, qadın məhəbbət əsiridir!” Ustad Şəhid Mürtəza Mütəhhəri Bəri başdan deyək ki, biz bütün İslam hüququnun, xüsusən də fərdi ibadətlərin fəlsəfəsini bilmirik. Nə üçün məhz dəstəmaz, təyəmmüm? Nə üçün məhz bu şəkildə namaz, özü də bəzən iki, bəzən üç, bəzən dörd rəkət? Təbii ki, məqsədimiz bütün hökmlərin ortaq fəlsəfəsi deyil. Çünki bu, məlumdur: Allahı yada salmaq, uca tutmaq, hər an Onun hökmü altında olduğunu unutmamaq, hər bir addımda, hər nəfəsdə ehtiyatlı olmaq. İslamın ictimai, iqtisadi, siyasi, hərbi və hətta cəza hüququ isə real nəticələrə hesablanıb, onların fəlsəfəsini öyrənmək mümkün və hətta olduqca əhəmiyyətli məsələdir. İctimai bir hökm olan hicabın – örtünmənin də forma və məzmunu vardır. Hicabın forması, yəni naməhrəm yanında üz və əllərdən başqa bütün bədənin örtülməsi müəyyən məqsəddən ötrüdür ki, bu məqsəd və ya məqsədlər onun məzmununu, fəlsəfəsini təşkil edir. Araşdırdığımız və düşündüyümüz qədərincə, aşağıdakıları hicabın məqsədləri kimi göstərmək olar: 1. Özünü qorumaq Hicab ilk növbədə qadının özünü kənar müdaxilədən – yersiz hərəkətdən, nalayiq sözdən, çirkin baxışdan və pis niyyətdən qoruması üçündür. Müsəlman qadın hicabın köməyilə özünü hər bir cəmiyyətdə gözlənilən və mümkün olan fiziki və psixoloji təzyiqdən qoruyur (və ya qorumalıdır). Hicabın bu məzmunu Qurani-kərimdə açıq göstərilmişdir: “Ey Peyğəmbər! Zövcələrinə, qızlarına və möminə qadınlara de! Öz uzun geyimlərini özlərinə yaxın etsinlər, beləcə tanınsılar və əziyyətə məruz qalmasınlar” (Əhzab, 59). 2. Həyat yoldaşının psixoloji rahatlığını təmin etmək Allah-Taala hər bir kişinin fitrətində həyat yoldaşına dair qeyrət hissi yaratmışdır. Bir çox hədislərdə bu haqda kişiyə xüsusi tövsiyələr verilmiş, həyat yoldaşının geyiminə nəzarət etməsi tapşırılmışdır. İslam örtüyünə riayət edən qadının əri bu baxımdan, arxayındır, heç bir fikir onu narahat etmir. Başqa sözlə desək, qadın hicabın köməyilə həyat yoldaşının psixoloji rahatlığını təmin edir (və ya etməlidir). 3. Cəmiyyətin sağlamlığını təmin etmək İslam örtüyündən istifadə etmək həm də cəmiyyətə, naməhrəmlərin özlərinə də yaxşılıq sayılır. Cəmiyyətdə psixoloji və cinsi stresslərdən uzaq şəkildə, həmçinin Allahın təyin etdiyi qanunlar çərçivəsində yaşamaq hər bir kişi və qadının haqqıdır. Qadının açıq-saçıq geyim tərzi, bir anlıq diqqət cəlb etməklə olsa belə, kişinin mənəvi azadlığına müdaxilə və cəmiyyətin uyğun sağlamlığına zərbədir. Düzdür, kişini naməhrəmə baxmağa məcbur edən yoxdur. Lakin güclü yağış altında avtomobilin qazına basıb səkidə gedən piyadaları islatmaq, sonra da “zəhmət çəkib özlərini qorusunlar” demək düzgün deyil. Bəzi hədislərdə cəmiyyətin sağlamlığı və fəsaddan qorunması naməhrəmə baxmağın haram edilməsinin fəlsəfəsi kimi göstərilmişdir. Nümunə üçün, İmam Rzadan (ə) nəql olunan hədisdə deyilir ki, qadınların saçına və bu kimi əzalarına baxmaq yad kişilərin ehtirasını təhrik etdiyinə və cəmiyyətdə fəsada yol açdığına görə haram edilmişdir (“İləl əş-şərai”, 2/565). Bu baxımdan, qadın hicabın köməyilə cəmiyyətin dini-mənəvi və psixoloji sağlamlığını da təmin edir (və ya etməlidir). 4. Ailələrin qorunması Təəssüf ki, cəmiyyətimizdə ailə institutu əksər Qərb cəmiyyətlərində görünən tənəzzülə doğru getməkdədir. Acınacaqlı olsa da, ara-sıra hansısa gəlinin ailəli bir kişiyə qoşulub qaçması haqda xəbərlər eşidirik. Bəzən qadın beş uşağını atıb gedir, bəzən də kişi həyat yoldaşını üç uşağı ilə birgə tərk edir. Bu növ sevgi və ehtirasın sintezindən isə Qurani-kərimin Yusif surəsi kimi “Ən gözəl hekayə” deyil, Stendalın “Qırmızı və Qara”sı, Tolstoyun “Anna Karenina”sı və ya “İblis”i doğur. İslam hicabı bu baxımdan da böyük əhəmiyyətə malik olub, ailələri qoruyur (və ya qorumalıdır). Bunlar hicabın fəlsəfəsinə dair əsas dörd amildir. Bunların hər biri İslamda vacib buyurulmuşdur. İslam örtüyü bəlkə də bu amillər nəzərə alınaraq vacib edilmişdir. Lakin unutmaq lazım deyil ki, hicabın yalnız formasına əməl etməklə məzmun və məqsədlərinə nail olmaq imkansızdır. Forma məzmuna nail olmağı asanlaşdıran, mümkün edən vasitədir. Yeddiqat çadra altında da hicabın fəlsəfəsindən kilometrlərlə uzaq düşmək olar. Qadının üz və əllərdən başqa bütün bədəni örtməsi İslamın istədiyi hicabın yalnız formasıdır. Təbii ki, bu formaya əməl etmək vacibdir, lakin bu hələ hicab demək deyil. Ruhsuz cəsədə insan deyilmədiyi kimi, məzmunsuz örtük də, əslində, hicab sayılmır. Əsl hicab yuxarıda qeyd olunduğu kimi, əvvəla, qadının özünü fiziki və psixoloji təzyiqdən qorumalıdır; ikincisi, həyat yoldaşının psixoloji rahatlığını təmin etməlidir; üçüncüsü, cəmiyyətin sağlamlığını təmin etməli, onu fəsaddan sığortalamalıdır; dördüncüsü, cəmiyyətdə ailələri qorumalı, ailə institutunu möhkəmlətməlidir. Bəzən formalara, şəriətin zahirinə o qədər qapılırıq ki, məzmun tamamilə yaddan çıxır. Halbuki məzmuna xələl gəldikdə bəzi halal əməllər harama çevrilir. Gəlin qısa bir eksperiment aparaq: Naməhrəmlə danışmaq haram deyil, bəs danışarkən səsi nazikləşdirmək necə?! Qadın naməhrəmlə (məsələn, ailəvi bir yığıncaqda əmioğlusu ilə) normal zarafat edə bilər, bəs aşırı həddə bayağı zarafatlar necə?! Üz-başını təmizləmək, səliqəyə salmaq hər bir qadının haqqıdır, bəs ifrat şəkildə bəzənib günah dolu baxışları cəlb etmək necə?! Naməhrəm iş yoldaşının qadını tərifləməsi, yeri düşdükdə kompliment deməsi haram deyil, bəs hər bir qadının ərindən gözlədiyi xüsusi əzizləyici ifadələr işlətməsi necə?! Kişinin ehtirasını təhrik etmək haramdır, bəs qadının hissiyyatını təhrik etmək, qəlbinin zərif simlərinə toxunmaq haram deyil?! İslam qadına üz və əllərdən başqa bütün bədənini örtməsini vacib buyurmuş, bundan ötrü xüsusi geyim növü təyin etməmişdir. Lakin bu o deməkdir ki, dalğıc geyimi kimi bədənə yapışmış dar paltardan istifadə etmək olar?! Sadaladığımız bu nümunələr hicabın məzmununu təşkil edən amillərin bir hissəsidir. İslam hicabı budur. Əsl hicab zahirdə qadının bədənini örtməklə yanaşı, onun daxilində İffət adlı qoruyucu qüvvə yaradaraq yuxarıda deyilənlərə zəmanət verir. Müsəlman qadın hicabla cəmiyyətdən təcrid olunmur, naməhrəmlə bir sinifdə oxuyur, bir universitetdə təhsil alır, bir idarədə işləyir, münasib şəraitdə zarafat da edir, amma hər bir halda həddi qoruyur, naməhrəmlə həm fiziki, həm də zehni və duyğusal məsafə saxlayır, hicabın məzmununa əməl edir, təkcə bədəni yox, ruhu, qəlbi və beyni də hicablı olur, danışanda və dinləyəndə də sözlər hicab süzgəcindən keçir. Və bu zaman naməhrəm də həddini bilir, qadının möhkəm qala kimi toxunulmaz olduğunu anlayır. Zəhra Hüseynzadə