Bir kitabda bildirilir ki, “Nüdbə” duasında şiəliklə uyuşmayan nöqtələr var. Və bu nöqtələr keysaniyyə firqəsinin əqidəsini xatırladır. Kitabda belə yazılır: “Nüdbə” duasında həzrət Mehdiyə (ə) müraciətlə soruşulur: “Bilmirəm haradasan, harada qərar tutmusan? Rəzəvi, yoxsa Zi-tuva dağındasan?” Başa düşmürəm ki, bir çox dini mərasimlərdə əsrin imamına müraciətlə oxunan bu duada nə üçün o Zi-tuva və Rəzəvi dağında axtarılır? Axı bu yerlər keysaniyyə firqəsinin əsrin imamı hesab etdiyi Məhəmməd Hənəfiyyənin yeridir? Onların əqidəsinə görə Məhəmməd Hənəfiyyə məhz bu dağda qeybə çəkilmişdir və oradan da zühur edəcəkdir. Həmin firqədən olanlar bu dağın ətəyində və ya üzü bu dağa dua edərək onun zühur edib qiyam qaldırmasını diləyirlər. Axı həzrət Mehdinin (ə) bu dağla hansı bağlılığı var? Axı o, məxsus bir yerə sığınmamışdır?! Biz inanırıq ki, o hər yerdədir və hər şeyi görür. Sadəcə, biz onu tanımırıq. Ona görə də həzrətin harada gizlənməsi barədə danışmaq on iki imamçı şiələrin əqidəsi ilə uyğun deyil.” Bu duanı dəqiq şəkildə mütaliə etdikdə görürük ki, duanın ortasında rabitəsiz olaraq qeybdə olan imama müraciət edilir. Belə bir müraciət nə dərəcədə düzgündür?

Doğrudan da, “Nüdbə” duası maraqlı və mənalı dualardan biridir. Bu dua olduqca məntiqli, rəvan və nizamlıdır. Mahiyyət baxımından “Nüdbə” duası elmi, inqilabi, etiqadi, siyasi, eləcə də həssas bir duadır. Əgər bu duadakı ifadələrin dərin məfhumuna yol tapa bilsək, onun ictimai mübarizələrdə ilham mənbəyi olduğunu anlayarıq. Duada həzrət Peyğəmbərin (s) besətinin fəlsəfəsinə, onların qısa tarixçəsinə, həzrət Peyğəmbərin (s) qiyamına Əmirəl-mömininin xilafətinə işarə olunur. Quran və rəvayətlərdən gətirilən canlı sübutlarla həmin xilafətin haqq olduğu sübuta yetirilir, eləcə də, imamların dəvəti növbə ilə yada salınır. Bu yolla duanı oxuyanın diqqəti həzrət Mehdinin (ə) qiyamına yönəldilir. Sonra isə aşiqanə bir tərzlə əsrin imamına xitab olunur. Onun qiyamına şövqün izharından sonra həzrətin islahedici inqilabı şərh edilir və dua bir neçə təsirli istəklə başa çatır. Duanın əsil mahiyyəti yuxarıda deyilənlərdir. Duanın keysaniyyə əqidəsinə oxşarlığı qətiyyətlə rədd olunmalıdır. Amma əvvəlcə həmin məzhəb haqqında bir qədər açıqlama vermək yaxşı olar. Sonra isə duanın özündən gətirilən dəlillərlə həmin yersiz irada cavab verək: Keysaniyyə əqidə kitablarında bildirildiyi kimi, dörd imama inanan şiə firqəsidir. Onlar həzrət Əlinin (ə), imam Həsənin (ə), imam Hüseynin (ə) imamətini qəbul edir və iddia edirlər ki, Məhəmməd Hənəfiyyə də imamdır. Bu firqə ona görə keysaniyyə adlandırılmışdır ki, onun öndə gedənlərindən birinin adı Keysan olmuşdur. Bu şəxs özünü Əli (ə) aşiqi kimi tanıtdırmışdır. Bəziləri də Muxtar ibn Əbi Ubeydənin ləqəbinin Keysan olduğunu iddia edirlər. Qeyd edirlər ki, Muxtar da bu məzhəbin daşıyıcılarından olmuşdur. Qeyd edək ki, keysaniyyə firqəsi bir neçə şöbəyə parçalanmışdır, amma onların ən məşhur şöbəsinin əqidəsinə görə Məhəmməd Hənəfiyyə hazırda diridir və Rəzəvi dağında, Mədinənin ətrafında yaşayır. Allah bu şəxsin ixtiyarında su, bal arıları qoymuşdur. Guya bu şəxs intizarında olduğumuz Mehdidir (ə) . Bu firqənin ardıcıllarından olan məşhur Ərəb şairi Kəsir öz şerində imamların sayının dörd olduğunu bildirir. Sonra isə Məhəmməd Hənəfiyyənin Rəzəvi dağında qeybə çəkilməsinə işarə olunur. Bu gün həmin firqənin ardıcılları çox azdır. Qayıdaq söhbətin əvvəlinə: Nüdbə duası qəti şəkildə keysaniyyə əqidəsini inkar edir və bu dua on iki imamçı şiə əqidəsinə tam uyğundur. Bəzi dəlillər göstərək: 1. Nüdbə duasının üç cümləsində həzrət Mehdinin (ə) ata-babalarına işarə olunur və bildirilir ki, o, Xədicənin, Fatimənin övladıdır. Hansı ki, Məhəmməd Hənəfiyyəni Xədicə və Fatimənin övladı hesab etmək olmaz. Onun anası Cəfər qızı Xəblə Hənəfiyyədir. Bəs Nüdbə duası hansı əsasla keysaniyyə əqidəsinə oxşadılır? Əgər şübhə yaradan Rəzəvi kəlməsidirsə, duadakı üç cümlə bütün şübhələri aradan qaldırmalıdır. 2. Duada oxuyuruq: “Haradadır imam Hüseynin (ə) övladları? Salehdən sonra saleh, doğruçudan sonra doğruçu? Haradadır Allaha doğru bir başqa yol? Bir başqa seçilmiş? Haradadır parlaq günəşlər, aylar, ulduzlar, haqq ayininin bayraqları elm və bilik sütunları? Sonra isə tək halda belə soruşulur: “Haradadır Allahın ehtiyata saxladığı...” Bu cümlələrdən aşkar şəkildə görünür ki, imam Hüseyndən sonra müxtəlif imamlar olmuşdur. Onların biri digərinin ardınca gələrək ümmətin islahı, onların Allaha doğru dəvəti, elm və bilik üçün qiyam etmişlər. Nəhayətdə isə Allahın son ehtiyatı tək şəkildə bəyan olunur. Bütün bunları nəzərdə saxlayaraq “Nüdbə” duasına qarşı irad bildirmək yersizdir. Axı keysaniyyə əqidəsində olanlar imam Hüseynin (ə) övladlarını müqəddəs bilmirdilər. Onlar həqiqi imamları rəsmi şəkildə tanımır və Məhəmməd Hənəfiyyəni imam sayırdılar. Həzrət Əlinin (ə) vilayəti zikrindən sonra imamlara işarənin görməməzliyə vurulması təəccüb doğurur. Elə düşünürük ki, keysaniyyə əqidəsinin inkarı üçün yuxarıda zikr olunan cümlələr kifayətdir. 3. Duada həzrət Mehdiyə (ə) xitabən deyirik: “Canım sənə fəda olsun, gizlisən, amma bizsiz deyilsən; uzaqsan, amma ayrı deyilsən...” Bu cümlələrdə həzrət Mehdini (ə) öz yanımızda bilirik. Bu onu göstərir ki, biz həzrəti gözəgörünməz hesab etmirik. Biz inanırıq ki, o tanınmaz şəkildə cəmiyyətdə olur və sabit bir ünvanı yoxdur. 4. Yuxarıda deyilənlərdən məlum oldu ki, bu duada ardıcıl şəkildə keysaniyyə firqəsinin xürafi əqidəsi inkar olunur. Dua on iki imamçı şiə əqidəsi ilə tam uyğundur. İndi isə Rəzəvi kəlməsini araşdıraq. Məşhur yazıçı Yaqut Həməvi Bəqdadi yazır: “Rəzəvi Mədinə ətrafında bir dağdır. Rəzəvi ona mənsub olana deyilir. Həzrət Peyğəmbər (s) bu dağ haqqında buyurmuşdur: “Rəzəvi Allahın razı olduğu bir dağdır.” Sonra müqəddəs dağların adı çəkilir və deyilir: Əram ibn Əsbəh Sələmi deyir ki, Rəzəvi dağı ilə Yənbə arasında bir günlük məsafə var. Bu da Mədinənin yeddi mənzilliyindədir. Bu dağı seyr edənlərin biri xəbər verir ki, orada bol su və ağac var. Bu həmin dağdır ki, keysaniyyə tayfası Məhəmməd ibn Hənəfiyyənin orada olduğunu güman edir. “Nüdbə” duasında Rəzəvi kəlməsindən sonra işlənmiş “Zi-tuva” kəlməsi Məkkə ətrafındakı dağlardandır. Onunla Məkkə arasında bir fərsəx məsafə var. Bu dağdan Məkkədəki evlər görünür. İmam Baqirdən (ə) nəql olunmuş bir rəvayətdə deyilir ki, həzrət Mehdi (ə) Zi-tuva yolu ilə Məkkəyə daxil olar, əvvəlcə Bədr mücahidləri sayda mücahidlərlə Kəbə evinin kənarına gələr, qələbə bayrağını orada dalğalandırar. Yuxarıda deyilənlərdən məlum olur ki, Rəzəvi müqəddəs dağlardandır. Peyğəmbərdən nəql olunmuş rəvayət də bunu təsdiq edir. Demək, Rəzəvi dağı keysaniyyə əqidəsindən daha çox on iki imamçı şiələrin əqidəsi ilə bağlıdır. Olsun ki, keysaniyyə tayfası öz məqsədlərinə çatmaq üçün bu dağın müqəddəsliyindən istifadə etmişlər. Ona görə də nüdbə duasında Rəzəvi dağının adının çəkilməsini keysaniyyə əqidəsi ilə yox, bu dağın müqəddəsliyi, onun müqəddəsliyi haqqında Peyğəmbər buyruğu ilə əlaqələndirmək lazımdır. Deyilənlərə başqa bir sübut Zi-tuva dağının adının çəkilməsidir. Çünki bu dağın keysaniyyə əqidəsi ilə heç bir əlaqəsi yoxdur. Bunu da qeyd etmək lazımdır ki, “Nüdbə” duasında həmin iki dağın adı çəkiləndən sonra “və başqaları” ifadəsi işlənmişdir. Demək, keysaniyyə düşüncəsinin əksinə olaraq, on iki imamçı şiələrin əqidəsinə görə həzrət Mehdinin (ə) xüsusi bir məkanı yoxdur. O bütün yer üzündə ola bilər. O öz babası həzrət Peyğəmbər (s) kimi həm Həra dağında, həm Kəbədə, həm Mədinədə, həm də yer üzünün başqa nöqtələrində ola bilər. Biz ümid edirik ki, bu sayaq xırda iradı olan kəslər öz suallarını geniş müzakirəyə çıxarmazdan qabaq, mütəxəssislərlə məsləhətləşəcəklər. Mütəxəssislər onları qane etməyəcəyi təqdirdə həmin sualı azad şəkildə bildirmək olar. Qaneedici cavab olduqda isə bu sayaq suallarla insanların düşüncə rahatlığını pozmamaq daha yaxşıdır. Qeyd etmək lazımdır ki, “Nüdbə” duası haqqında tərtib olunmuş bir kitabçada təəccüb doğuran bəzi iradlar olunmuşdur. Bu yersiz iradların heç bir elmi əsası yoxdur. Onlardan bəzilərini nəzərdən keçirək: Duanın mətnində belə bir cümlə var: “Məhəmmədin (s) ailəsi ilə dostluğu onun üçün mükafat qərar verdin və Quranda buyurdun ki, sizdən dostluqdan savay əvəz istəmirəm” ayəsi ilə ziddiyət təşkil edir. Guya Quranda heç bir əvəz istənilmədiyi halda, duada belə bir istək bəyan olunmuşdur. Hansı ki, duada irad tutulan cümlənin davamında izahat verilərək deyilir: “Sizdən əvəz olaraq istədiyim mənim yox, sizin xeyrinizədir...” Bundan əlavə, Əhli-beytlə dostluq məsələsinə Quranda da toxunulmuşdur. Bu dostluq bəşəriyyətə doğru yolu tapmaqda bir köməkçidir. Demək, həqiqətən də, həzrət Peyğəmbər öz Peyğəmbərliyinin müqabilində heç bir əvəz istəməmişdir. İstədikləri isə yalnız və yalnız xalqın xeyiri üçündür. Bir sözlə “Nüdbə” duasına münasibətdə irəli sürülən iradlar duanın mətninə diqqətsizlikdən qaynaqlanır