Günah mənə yaraşmır, amma əfv sənə yaraşır
Günah mənə yaraşmır, amma əfv sənə yaraşır
0 Vote
29 View
Hər möminin həyatında duanın yeri çox yüksəkdir. Dualarla Uca Rəbbinə əl açan bəndə ətrafında hər şeyi bir tərəfə buraxıb ancaq Ondan imdad diləyir. Dua bəndənin Yaradana yönəlməsi, əl açıb dərdini söyləməsi, çarə diləməsidir. Dua çox sirli, gizli və munis bir ibadət formasıdır. İnsanın acizliyini dərk edərək hər şeyin Sahibindən imdad diləməsidir. Dua Rəbbi qarşısında əyilən bəndənin ən uca məqamıdır. Qurani-Kərim duanın önəmindən bəhs edərkən bildirir: "Qullarım Məni Səndən soruşsalar, bilsinlər ki, Mən çox yaxınam. Mənə dua edənin duasını qəbul edərəm"(Bəqərə surəsi, 186) "Mənə dua edin ki, duanızı qəbul edim." (Mömin surəsi, 60) "Duanız olmasa, ALLAH qatında sizin nə dəyəriniz olar?" (Furqan surəsi, 77) Göründüyü kimi, hər insanın dəyəri onun duası nisbətində ölçülür. ALLAH Rəsulu (s.a.v.) öz ümmətinə dua mövzusunda çox tövsiyələr buyurur, öz həyatını dualarla keçirirdi. Dilindən dua düşməzdi, onun həyatına baxsanız, "O, bir dua insanıdır” deyə bilərsiniz. Hər möminin həyatında duanın yeri çox yüksəkdir. Dualarla Uca Rəbbinə əl açan bəndə ətrafında hər şeyi bir tərəfə buraxıb ancaq Ondan imdad diləyir. Bu halı ilə insan Günəşə boylanan günəbaxan kimidir. Üz tutduğunun, yönəldiyinin, əl açıb yalvardığının böyüklüyünü, hər şeyə qadir olduğunu, mərhəmətinin sonsuzluğunu bütün ruhunda hiss edərək Ona könlünü açır, dərdini ifadə edir, əlac istəyir. Onsuz da O, bizi bizdən yaxşı bilir. Bizim ağrılarımızı, sevincimizi bizdən öncə bilir. O, bizə bizim boynumuzdakı şah damarımızdan da yaxındır. O, sonsuz mərhəmət Sahibidir. Peyğəmbərimiz Həzrəti Məhəmməd (s.a.v.) Uca Yaradanın mərhəmətini anlatmaq üçün öz səhabələrinə belə bir hadisəyə diqqət yetirməyi tövsiyə etmişdir: - Bir müharibədən sonra əsrlər arasında körpə balasını axtaran ana həyəcanla sağa-sola qaçır, yorulmaq bilmədən insanların arasında dolaşır. Götürüb baxdığı uşağın özününkü olmadığını görüb yerə qoyur və o birisinin yanına qaçır. Birdən o ana öz övladını tapır və onu bağrına basaraq qoxusunu ciyərlərinə çəkir. ALLAH Rəsulu bu mənzərəni səhabələrinə göstərib soruşur: - Bu ananı görürsünüzmü? O, bağrına basdığı öz balasını heç cəhənnəm oduna atarmı? Hər kəs bir ağızdan cavab verir: - Xeyr, ya RəsulALLAH, atmaz! ALLAH Rəsulu belə buyurur: - ALLAH-Təala öz bəndələrinə qarşı o anadan daha mərhəmətlidir. Necə dua etmək, necə dilək diləmək mövzusunda bəzi məqamlara diqqət yetirmək lazımdır. Dua bir qədər öncə dediyimiz kimi, bəndə ilə ALLAH arasında gizli bir ünsiyyət yoludur. Bəndə hər şeyi, hər kəsi bir tərəfə qoyub ancaq Uca Yaradana əl açır dua ilə. Ona görə də duanın munisliyi önəmlidir, yəni, dua edən bu ibadəti ətrafdakılara nümayiş üçün deyil, ancaq xalis ibadət niyyəti ilə yerinə yetirməlidir. Əl-qol hərəkətləri ilə, çığırıb-bağırmaqla dua etmək xoş görülmür. ALLAH bizim içimizdəkiləri də bizdən yaxşı bilir. Ona görə də içimizdən gələn yalvarışla, ən səmimi duyğularla yalvarmaq duamızın qəbul olunması üçün əsas amillərdən sayılır. "Duam qəbul olsa da olar, olmasa da olar” tərəddüdü və ya "ALLAHım, filan şeyi mənə verərsənmi?” sualı ilə dua eləmək düzgün hesab olunmur. Çünki ALLAHın xəzinəsi sonsuz qədər geniş və zəngindir, Onun hər şeyə gücü yetər. İstərsə bir an içində gədanı sultan edər. Ona görə də əl açıb yalvaranda, ALLAHdan bir şey istəyəndə yüksək şeylər diləmək məsləhətdir. Məsələn, cənnəti istəyirsənsə, yaxşı olar ki, sən cənnətin ən gözəl yeri sayılan Firdövsə girməyi istəyəsən. Bəli, dua tərəddüdü sevməz, dua edən insan bütün ruhu ilə, bütün duyğuları, səmimiyyəti ilə istəməlidir. Həm də istədiyini ALLAHın verəcəyinə əmin olaraq dua etmək lazımdır. Keçdiyin yollarda, məscid qapılarında oturub dilənənlər var. Elə duyğulu sözlərlə yalvarıb yardım istəyirlər ki, ürəyin ehtizaza gəlir, qəlbinin telləri titrəyir, riqqətə gəlirsən. Dua edən insan da o dilənçi kimi bütün ruhu ilə, içindəki bütün gücü ilə yalvarmalıdır. İçindən gərilən insanın dilindən çıxan dua gərilmiş yaydan süzülən ox kimi daha uzağa atıla bilər. Duada səmimiyyət, onun qəbuluna inanmaq, özünün acizliyini, Rəbbin böyüklüyünü, mərhəmətini və sonsuz qüdrət Sahibi olduğunu bir daha dərk etmək onun qəbulu üçün önəmli amillərdir. Bir ALLAH dostu da belə dua edirmiş: "Ya Rəbb, mən bir Sənin mərhəmətinə baxdım, bir özümə baxdım. Gördüm ki, mənə günah yaraşmır, amma Sənə əfv etmək elə yaraşır ki...” Bəli, dua könlün sarı simində səslənəndə daha təsirli olur. Dualarını əsirgəmə. Dua sənin dəyərindir, dəyərini artırmaq istəyirsənsə, dilindən dua düşməsin. Qadinlar.biz