İblisin vəsvəsələrinin 3 mərhələsi

ALLAH Təala bir çox ayələrində insanı şeytanın hiyləsindən xəbərdar edir. İnsandan istəyir ki, şeytanın tələsinə düşməsin və vəsvəsələrinə qulaq asmasın. Çünki şeytan elə bir düşməndir ki, heç kəsə rəhm etməz. Qurbanlarını hər yerdə görmək olar. ALLAH Təala buyurur: "Məbada Şeytan sizi (tovhid və din yolundan) saxlasın. Doğrudan da o, sizin aşkar düşməninizdir”. ("Zuxruf” 62). "Həqiqətən, Şeytan sizin düşməninizdir, belə isə onu (özünüzə) düşmən bilin!” ("Fatir” 6). "Kim ALLAHın yerinə Şeytanı özünə başçı və yardımçı götürsə, doğrudan da aşkar bir ziyana düşmüşdür”. ("Nisa” 119). "Şeytan onları uzun-uzadı bir zəlalətlə azdırmaq istəyir”. ("Nisa” 60). Bu mübarək Quran ayələrindən də göründüyü kimi, şeytan o insanlara rəhbərlik edir ki, onun dəstəsinə daxil olublar. Yəni, insanlar ALLAH yerinə şeytanın dediklərinə qulaq asır və ona əməl edirlər.   Şeytanın vəsvəsələrinə baxmayaraq, insan həmişə ixtiyar sahibidir. Çünki şeytan cəlb edəndən başqa biri deyildir. Bu, insanın özüdür ki, şeytanın vəsvəsələrinə uyaraq, özünü kirləndirir və haqqa əməl etmir. Öz meyl və iradəsi ilə şeytanın dəvətini qəbul edir. Qəlb pəncərəsini İblisin üzünə açır. Ona girmək üçün icazə verir. İlk addımı insan atmış olur. Bu, insandır ki, iblisə qəlbinə və ruhuna girməyə icazə verər. Şeytanın ən böyük vəsvəsəsi - əməli vəsvəsədir. Çox təəssüf ki, bir çoxları ona düçar olublar. Şeytanın tələləri çoxdur. İnsan hər an agah olmalıdır. Şeytan öz işini yavaş-yavaş görür. İlk əvvəl şübhə ilə başlayır. Sonra isə vəsvəsə etməyə çalışır. Vəsvəsə özü üç cür olur: fikri, əməli və ictimai. Birinci halda insanın fikir və düşüncəsində yanlış təfəkkürlər yaradır. O qədər təhlükəlidir ki, əgər kontrol olunmasa, insanı dindən çıxardar. İkinci növ isə əməli vəsvəsidir. Bu vəsvəsə növü ən çox yayılmış vəsvəsədir. Məsələn, bu vəsvəsə nəticəsində cəmiyyətimizdə boşanma halları artmaqdadır. Üçüncü vəsvəsə isə ictimai vəsvəsidir. Cəmiyyətin bir çox üzvləri bir-birinə qarşı sui-zənn edirlər. Bu da təhlükəli vəsvəsələrdəndir. Müsəlmanlar bunu nəzərə almalıdır ki, Həzrət Peyğəmbər (s) dəstəmaz alan zaman 1 müdd (750 qram) sudan istifadə edərmiş. Ancaq bu gün biz suyun bol olduğunu sayıb, şeytanın vəsvəsələrinə düçar olur və dəstəmaz, qüsl alan zaman çox sayda israfa yol veririk. Bu çox təhlükəli bir əməldir ki, insanı ruhu xəsətliklərə düçar edir. O kəsin ki, təqvası var, gərək özünə icazə verməsin ki, şeytan onu vəsvəsə etsin. İmam Əli (ə) buyurur: "Şərab -şeytanın tələsidir, naməhrəm qadın - şeytanın qılıncıdır, pulpərəstlik - şeytanın oxudur”.           Qadinlar.biz