PEYĞƏMBƏRİMİZİN DİLİ İLƏ GƏNCLİK

Qiyamətdə gənclik neməti soruşulacaq Bütün insanlığı həyat verən sözləriylə xəbərdar edən Allahın Elçisi (s.a.s.) "verilən nemətlərin haqqıyla qiymətləndirilməsi" mövzusu üzərində çox dayanmışdır. Belə ki, mövzuyla əlaqədar bir hədisində belə buyurur: "İnsan oğluna bu beş şeydən hesab soruşulmadıqca onun ayaqları qiyamət günündə Rəbbinin hüzurundan ayrılmayacaq: ömrünü harada keçirdiyindən, gəncliyini harada keçirdiyindən, malını harada qazanıb, hara xərclədiyindən və öyrəndiyi elmə necə əməl etdiyindən" (Tirmizi, Sifəti-l Qiyamə:1). Göründüyü kimi, burada hər yaşdakı insanı yaxından maraqlandıran beş nemətin hesabının sorulacağı ifadə edilməkdədir. Ömrünü harada keçirməsinin soruşulması "həyat neməti"nin və insana ehsan edilən "zaman"ın harada sərf olunduğuyla əlaqədardır. İnsana həyatı və zamanı ehsan edən Allah olduğuna görə, bu nemət Onun razılığı və əmrləri istiqamətində istifadə edilməlidir. Uca Peyğəmbərimiz (s.ə.s.) , İbni Abbasdan rəvayət edilən bir hədisdə, "İki nemət vardır ki, insanların çoxu bunda aldanmışdır: Səhhət və boş vaxt" (Tirmizi, Zühd: 2405 ) buyuraraq mühüm bir zəifliyimizə diqqət çəkmişdir. Təəssüf ki, xüsusilə səhhət və zaman baxımından bol imkanları olan gənclər bu barədə yanılırlar. "Gəncliyi harada keçirdiyi"nin soruşulması isə birbaşa gəncləri maraqlandırmaqdadır. Bu sorğu-sual "gəncliyin gözəl yaşamaq, vaxtını xoş keçirmək, gülüb əylənmək" üçün verilmədiyini göstərir. Madam ki, gənclik Allahın nemətləri baxımından bir çox müsbət tərəfləri olan bir dövrdür, o zaman bu neməti Allahın izni dairəsində istifadə etməliyik. Gənclərə ehsan edilən "güc, qüvvət, sağlamlıq" kimi nemətlər daha çox savab qazanmanın bir vasitəsi olmazsa, dünyada da, axirətdə də başımıza bəla ola bilər. "Malın harada qazanılıb hara xərcləndiyinin" soruşulması da bütün insanları xəbərdar edən bir həyəcan zəngi hökmündədir. Çünki bu cümləylə hər kəsin halal qazanıb halal yollara xərcləməsi istənilir. Pulu Allahın razı olduğu yollarla qazanmaq və Onun razılığına uyğun yerlərə sərf etmək, dünyəvi xərcləmələrimizdə israf etməmək lazımdır. "Öyrənilmiş elmə necə əməl etdiyi"nin soruşulması vacib olanın öyrənmək deyil, onu həyata keçirmək olduğunu göstərməkdədir. Quranda Rəbbimiz öyrəndiyi elmi tətbiq etməyən insanları "kitab daşıyan uzunqulaqlara" bənzətməkdədir. Çünki hər ikisinin də daşıdığı elmdən bir qazancı yoxdur. Yenə Peyğəmbərimizin (s.a.s.) "İnsanlar həlak oldular alimlər istisna, alimlər də həlak oldular elmiylə əməl edənlər istisna, əməl edənlər də həlak oldular ixlaslı olanlar istisna, ixlaslılar da böyük bir təhlükənin üzərindədir" hədisi hamımızı titrətməli və daha diqqətli olmağa sövq etməlidir. Yuxarıdakı izahlarla birlikdə bu hədisdə əhəmiyyətli bir suala da cavab var. Bu hədis "Qocalanda ibadət edərik" deyən gənclərin böyük səhv etdiyini göstərir. Beləcə, insanın yalnız yaşlılıq dövründə deyil, gəncliyində etdiklərindən də məsul olduğu xəbərdarlıq edilir. Necə ki, Quranın Zilzal surəsində "Kim zərrə qədər yaxşılıq etsə onu görər, kim də zərrə qədər bir pislik etsə, onu görər" buyurularaq insanın bütün ömründə etdiklərindən məsul olduğu ifadə edilmişdir. Yuxarıdakı hədisi tamamlayan bu hədisdəki xəbərdarlıqları da dinləmək lazımdır: "Beş şey gəlmədən əvvəl beş şeyi fürsət bil 1. Ölüm gəlmədən əvvəl həyatının; 2. Xəstəlik gəlməmişdən əvvəl sağlamlığının; 3. Məşğuliyyət gəlib çatmadan əvvəl boş vaxtının; 4. Qocalıq gəlmədən əvvəl gəncliyinin; 5. Kasıblıq gəlmədən əvvəl zənginliyinin". (Hakim: Müstədrək ) Rəbbim cümləmizi həyatını, sağlamlığını, zamanını, gəncliyini və zənginliyini Allahın rizası yolunda sərf edənlərdən etsin. MUELIF NAZ_VEFA Qadinlar.biz