Qadının kişidən yaranması
Qadının kişidən yaranması
0 Vote
78 View
Qadının kişidən yaranmasına dair müxtəlif hədislər mövcuddur. O hədislərin məzmunu qadının kişinin qabırğalarının birindən yarandığını bildirir. Həmin hədislərin bəzisini qeyd edirik: Tavus Yəmani imam Baqirdən (ə) soruşdu: «Həvvanı niyə «Həvva» adlandırıblar?» Buyurdu: «Çünki qabırğadan, yəni Adəmdən yaranıb». (Məclisi, c.11, səh.100) İmam Sadiq (ə) buyurub: «Allah Adəmi yatırdıb, onun əyri qabırğasından Həvvanı yaratdı. Adəm oyandıqda Həvvanı öz yatağında gördü». (Məclisi, c.15, səh.33) Bəzi təfsirçilər bu növ hədislərin təsdiqlənməsində bəzi ayələrə söykənirlər. Onlardan birinə işarə edirik: يَا أَيُّهَا النَّاسُ اتَّقُوا رَبَّكُمُ الَّذِي خَلَقَكُمْ مِنْ نَفْسٍ وَاحِدَةٍ وَخَلَقَ مِنْهَا زَوْجَهَا وَبَثَّ مِنْهُمَا رِجَالا كَثِيرًا وَنِسَاءً «Ey insanlar! Sizi tək bir nəfsdən (Adəmdən) xəlq edən, ondan da (həmin yaratdığından) zövcəsini yaradan və onlardan da bir çox kişi və qadınlar törədən Rəbbinizdən qorxun!...» («Nisa» surəsi, ayə 1) Bu mübarək ayədə olan «خَلَقَ مِنْهَا زَوْجَهَا» «ondan da zövcəsini yaradan» ifadəsi zahirdə qadının kişidən yarandığına dəlalət edir ki, bu Tövrat və bəzi hədislərdə deyilən sözlərdən qaynaqlanır. Belə ki, nəql olunan hədislər sənəd baxımından zəif hesab olunurlar. Deyilən hədislər tam şəkildə Tövratda deyilən məzmunlarla müvafiq olduğundan yəhudilər tərəfdən saxtalaşdırılmış hədislərdir. Həmçinin, mövcud olan başqa hədislər bu növ hədislərin məzmunu ilə toqquşaraq onları inkar edir. Onlardan birini nümunə olaraq qeyd edirik: Əbu Məqdam deyir: «İmam Baqirdən (ə) soruşdum: «Allah Həvvanı nədən yaratdı?» Buyurdu: «Başqaları nə deyir?» Dedim: «Allah onu Adəmin qabırğalarının birindən yaradıb». İmam (ə) buyurdu: «Yalan deyirlər. Məgər Allah onu başqa bir şeydən yaratmaqda acizdirmi?» Dedim: «Canım sənə qurban olsun. Bəs, onu nədən yaratdı?» Buyurdu: «Atam öz atasından mənə belə xəbər verdi. Peyğəmbər (s) buyurub: «Allah bir miqdar torpaq götürüb onu qarışdırdı və ondan Adəmi xəlq etdi. Sonra isə qalan torpaqdan Həvvanı yaratdı». (Səduq, «Mən la yəhzəruhul-fəqih», c.3, səh.379 və Təbatəbai, «Əl-mizan», c.4) Həmçinin, bu məzmunda yəni, Allahın Həvvanı Adəmin artıq qalan gilindən yaratdığına dair çoxlu sayda hədislər vardır (Məclisi, c.11, səh.115, c.9, səh.299) və bu növ hədislər əvvəldə söylənilən hədislərlə toqquşaraq açıq şəkildə onları inkar edir və belə bir işin Allahın qüdrət və məqamı ilə zidd olduğunu bildirir. Həqiqətdə bu hədislər əvvəldə söylənilən hədislərin saxta olmasını aşkar edir. Nəticə olaraq bildirməliyik ki, ikinci növdən olan hədislər birinci növ hədislərdən üstündür. Təfsir alimlərinin çoxu ayədə qeyd olunan «مِنْ» (min) kəlməsinin «iştiqaqiyyə» deyil, «nəşviyyə» olduğunu söyləyirlər. Yəni, Allah Adəmin zövcəsini onun cinsindən yaratdı, bədəninin əzasından yox. Əllamə Təbatəbai yuxarıda qeyd olunan ayə haqqında belə demişdir: «Məqsəd budur ki, kişinin zövcəsi də onun özü kimi həmin növdəndir. Buna əsasən, ayədə qeyd olunan «مِنْ» (min) kəlməsi «nəşviyyə»dir. Bu ayə açıq-aşkar Quranın digər ayələri ilə («Rum» surəsi, ayə 21, «Nəhl» surəsi, ayə 72, «Şura» surəsi, ayə 11) uyğun gəlir. Yəni, «Sizin özünüzdən sizin üçün zövcələr yaratdı, qərar verdi». Bütün deyilənləri nəzərə alaraq, Quranın bu ayələrinin ikinci növ hədislərlə uyğun gəldiyini demək olar. Saxta hədislərdə qadına qarşı kobudluğu əks etdirən fikirlərin tənqidi İslam dininin qadına qarşı uca baxışı ilə yanaşı dini mətnlərdə qadın cinsinə qarşı bədbin baxışlara, təhqiramiz sözlərə və kobudluğa səbəb olan bir sıra hədislərə rast gəlmək olur. Qadına qarşı olan bu mənfi baxışlar cürbəcür amillərin nəticəsidir. Bu amillərin ən önəmlisi bəzi hədislərin saxtalaşdırılması və ikinci xəlifənin hədis yazılmasını qadağan etməsidir. Həmçinin, bu amillərdən də daha üstün amil yəhudilərin hədisləri saxtalaşdırmasıdır. Bir tərəfdən bu cür hədislər, digər tərəfdən isə qadının Quran ayələrində və digər hədislərdə olan üstünlüyü bu ziddiyyəti həll etmək üçün o cür hədislərin sənəd və dəlalət baxımından araşdırılmasını tələb edir. Bu məqsədlə bu yazıda mənbə baxımından saxta olan bu növ hədisləri araşdırıb, tənqid edirik. Saxta hədislərin yaranması Saxta hədislərin yaranma səbəbləri: a) hədislərin yazılmasının qadağan olunması saxta hədislərin cəmiyyətə yol tapmasına səbəb olan amillərdən biridir. Hədis yazılmasının qadağan olunması zülmkar xəlifələr dövründə baş verdi. Onlar bu əməllə təkcə Peyğəmbərə (s) istinad olunmayan hədislərin səhabə tərəfindən nəql olunmasına səbəb olmadılar, bundan əlavə yəhudi hədislərinin də dini hədislərə daxil olmasına səbəb oldular. Yəhudilər tərəfindən quraşdırılan hədislər əhli-kitab, xüsusilə də zahiri baxımdan İslama qoşulan yəhudilər tərəfindən İslam maarifinə daxil olan hədislər toplusundan ibarətdir. Əllamə Təbatəbai bu haqda çox bəlağətli söz demişdir: "O vaxtın xəlifələri zahirdə Əhli-beytə ehtiram bəslədikləri halda, həqiqətdə onların ictimai mövqelərini zəiflətmək üçün bacardıqları qədər çalışır, getdikcə Əhli-beytin üstünlüyünü aşağı salmaq istəyir, səhabələrin hörmətini isə günbəgün artırırdılar. Camaatı onlardan hədis öyrənməyə təşviq edirdilər. Həqiqətdə isə səhabələrin araşdırma qüdrəti yox idi. Çünki kitab və hədis yazmaq qadağan olunmuşdu. Buna baxmayaraq səhabələr hədis yaymağa və İslam elmlərinin tədrisi ilə məşğul olmağa başladılar. Bir tərəfdən bütün səhabələrdə təhqiq etmə bacarığının olmaması və dini bilgilərin araşdırılıb yayılmasının qadağan olması, digər tərəfdən xilafətin kitab və əsər yazmağı qadağan etməsi, başqa bir tərəfdən də İslamı zahirdə qəbul edən və keçmiş peyğəmbərlərin buyurduqlarını istədikləri şəkildə söyləyən bir sıra yəhudilərın üzə çıxması vəzifəpərəstlərin ictimai mövqe qazanmasına şərait yaratdı və o saxtakarları hakimiyyətin şəxsi maraqlarına uyğun istənilən mənbədən və istənilən mövzuda hədis uydurmağa vadar etdi”. b) İslam tarixində ikinci xəlifənin qadınlara qarşı mənfi fikirləri İslamın ilk illərində qadınla bağlı geniş yayılan bir sıra mənfi düşüncələrin Məsumların (ə) hədisləri müqabilində dayanmasına şərait yaratdı. Bu nüfuzlu şəxslərdən biri də ikinci xəlifə Ömər ibn Xəttab idi. Onun qadınlara qarşı kobud və mənfi baxışlı olmasına tarixçilər, xüsusilə əhli-sünnə tarixçiləri şahiddir. O qadınlara qarşı çox sərt mövqe tutmuş və onların evdə oturmalarının tərəfdarı olmuşdur. Nümunə olaraq onlardan birini qeyd edirik: İbn Macənin sünənində belə deyilmişdir: "Allahın Rəsulu (s) dəfn mərasimində iştirak edirdi. Vəfat edənin yaxınlarından olan bir qadın dəfndə iştirak etdiyindən Ömər ibn Xəttab onu hədələdi. Allahın Rəsulu (s) buyurdu: "Ey Ömər, onu azad burax o gözü yaşlı, qəlbi yanıqlı biridir”. Bu növ hədislər Ömərin yaşadığı dövr ərzində çox gözə çarpır. Buna əsasən hədis yazmağın qadağan olmasının və ikinci xəlifəyə xas olan mənfi fikirlərin hədislər toplusuna nüfuz etməsini önəmli amillərdən hesab etmək olar. Tarix boyu bu növ amillər Peyğəmbər (s) və məsum İmamlara (ə) yalançı hədislərin nisbət verilməsinə və o hədislərin alimlərin, sonra isə adi camaatın dilində yayılmasına səbəb oldu. Beləliklə, qadınlar İslam tarixi boyunca çoxlu məhrumiyyətlərə, maddi və mənəvi əziyyətlərə düçar oldular. Bu yazıda o hədislərin bəzisinə toxunulmuşdur. Qadınlara qarşı yaranan saxta hədislər və onların yoldaşlarına itaət etmədikdə fiziki yolla tənbeh etməyin nümunələri bəzi hədis və fiqhi kitablarda qeyd olunmuşdur. Onlardan bir neçəsinə işari edirik: 1. Kəlbinin təfsirində ibn Abbasdan belə nəql olunur: "Qadını Allahın kitabı ilə moizə edin və ona Allahdan qorxmağı və sizə itaət etməyi deyin. Əgər qəbul etməsə, ona qarşı sərtlik edin. Əgər bu da təsir etməsə, onu bədəninin yaralanmamağı və sümüklərinin sınmamağı şərtilə cəzalandırın”.(Təbərsi, cild 2) 2. İmam Baqirdən (ə) belə nəql olumuşdur: "Ayədə qeyd olunan "onları vurun” kəlməsindən məqsəd misvak çubuğu ilə vurmaqdır”. (Huveyzi, cild 1, səh 478) 3. "Rəvayət olunmuşdur ki, Ömər öz yoldaşını vurdu. Buna görə də o, danlanıldı. O isə belə cabab verdi: "Allah Rəsulunun belə buyurduğunu eşitdim: "Kişi öz həyat yoldaşını vurmasına görə Allah tərəfdən sorğu-sual olunmayacaq”. (Qurtubi, cild 5) Bu cür hədisləri nəql edənlər belə hədislərin düzgün olmasının sübutunu "Nisa” surəsinin 34-cü ayəsi ilə əlaqələndirirlər. Bu mübarək ayədə belə deyilir: الرِّجَالُ قَوَّامُونَ عَلَى النِّسَاءِ بِمَا فَضَّلَ اللَّهُ بَعْضَهُمْ عَلَى بَعْضٍ وَبِمَا أَنْفَقُوا مِنْ أَمْوَالِهِمْ فَالصَّالِحَاتُ قَانِتَاتٌ حَافِظَاتٌ لِلْغَيْبِ بِمَا حَفِظَ اللَّهُ وَاللاتِي تَخَافُونَ نُشُوزَهُنَّ فَعِظُوهُنَّ وَاهْجُرُوهُنَّ فِي الْمَضَاجِعِ وَاضْرِبُوهُنَّ فَإِنْ أَطَعْنَكُمْ فَلا تَبْغُوا عَلَيْهِنَّ سَبِيلا إِنَّ اللَّهَ كَانَ عَلِيًّا كَبِيرًا "Özbaşınalıq etmələrindən qorxduğunuz qadınlara nəsihət edin, (yola gəlməzlərsə) onlardan yatağınızı ayırın və döyün!...” Qadınları fiziki yolla tənbeh etməyi göstərən yuxarıdakı hədislər sənəd baxımından zəifdir. Birinci hədisdə nəql olunan söz Məsumun sözü deyil, ibn Abbasın sözüdür. Buna görə də, o sübut deyil. O cümlədən İmam Baqirdən (ə) nəql olunan hədis mürsəl hədis olduğundan zəif hesab olunur və həmçinin, ona etimad bəsləmək olmaz. (Mürsəl o hədisə deyilir ki, onun ravilərinin bəzisinin və yaxud hamısının adı çəkilmir). Ömərdən qeyd olunan hədis şiə məzhəbində qəbul olunmur. Bu növ hədislərin məzmunu ayələrin və Quran məntiqi ilə uyğun olan hədislərin məzmunu ilə toqquşur. Həmçinin, bu növ hədislər qadınla gözəl rəftar etmək və evlilik həyatında önəmli məsələ olan gözəl və bəyənilən ünsiyyətlə uyğun gəlmir. Qurani-Kərim "Nisa” surəsinin, 19-cu ayəsində ürəyə yatan ifadə ilə belə buyurur: وَعَاشِرُوهُنَّ بِالْمَعْرُوفِ "...Onlarla gözəl (Allahın buyurduğu kimi) rəftar edin...” Ayə bu qayda ilə kişilərə, qadınlara qarşı gözəl və bəyənilən mehribanlıq etmələrini əmr etmişdir. Bu məzmunda olan sözlər müxtəlif hədislərdə də müşahidə olunur. Peyğəmbərdən (s) nəql olunan bu növ hədislərin bir neçəsini qeyd edirik: "Allah yanında ən sevimli bəndələr öz ailələrinə qarşı xoş rəftar olan kəslərdir!” (Hürr Amuli, "Nikah” kitabı, cild 20, fəsil 88, hədis 5, səh 170) "Sizin ən yaxşınız, öz ailəsinə qarşı yaxşı rəftar edən kəslərdir. Mən ailəmə qarşı rəftarda sizlərdən daha yaxşıyam” (Hürr Amuli, "Nikah” kitabı, cild 20, hədis 8, səh 171) Bu məzmunda olan hədislər çox mövcuddur. Yaxşı olar ki, kişi öz həyat yoldaşına qarşı pis rəftar etməkdən, ona əziyyət verməkdən, ondan intiqam almaqdan çəkinsin və onunla rəftarda kobudluğa yol verməsin. (Hürr Amuli, "Nikah” kitabı, cild 20, fəsil 88-90, səh 170) Bunu da qeyd etmək lazımdır ki, qadını fiziki yolla tənbeh etmək bir halda istisnadır. O da qadın evlilik hüquqlarının ən önəmlisi olan kişinin haqqı sayılan cinsi yaxınlığa mane olduğu, həmçinin evliliyə xas olan əməllərlə razılaşmadığı və belə məsələləri şəri qanun olaraq tanımadığı surətdə və müxalifət etməsində israrlı olduğu təqdirdədir. Bəs, belə bir məsələni başqa necə həll etmək olar? Ya kişi belə bir qadınla əziyyət çəkməli, ya onu islah etməlidir. Şübhəsiz, bu cür rəftar şəriətdən kənar deyil. Amma bunu qeyd etmək lazımdır ki, bu cür rəftar kişilərə vacib və zəruri deyil. Yaxud da o qadına təlaq verməlidir. İslam şəriətində bəyənilmədiyinə və ailə mühitində yaratdığı xoşagəlməz nəticələrinə diqqət yetirməklə təlaq da heç cürə ən gözəl, ən yaxşı əməl və çıxış yolu kimi tövsiyə edilə bilməz. Bunlardan əlavə daha bir yol da mövcuddur, yəni bu məsələnin həll olunması üçün məhkəməyə üz tutub öz haqqını tələb etməlidir. Şübhəsiz, bu da öz növbəsində ən gözəl üslub olmayacaq, çünki belə olduqda evliliyə xas olan məsələlər və cinsi tələblər aşkar olunur. Bundan əlavə qadın bu məsələni etiraf etmədikdə kişi bu məsələni sübut etmək üçün dəlil gətirməli və şahid göstərməlidir. (Çox vaxt bu iş mümkün olmur) Nəticədə, bu üslubla insanın özünə aid olan bir məsələsi hamıya aşkar olacaq. Hətta həll oluna bilən sadə bir məsələnin mürəkkəb, çətin və həll olunmayan bir məsələyə çevrilməsi də mümkündür, buna görə də "Nisa” surəsinin 34-cü ayəsində və bəzi hədislərdə bu üsluba, yəni fiziki yolla tənbeh etməyə icazə verilir. Qeyd olunmalıdır ki, belə bir icazə bu üslubun vacib olmasından və həmçinin istənilən şəkildə tənbeh etmədən xəbər vermir. Bu məsələdə iki nöqtəni sizin nəzərinizə çatdırırıq: a) ayədə və hədisdə qeyd olunan fiziki yolla tənbeh etmə üsulu məsləhət xarakteri daşıyır. Bu hökmən əməl edilməsi lazım olan göstəriş deyil, yəni ayə və hədislər ailə məsələlərinin yalnız bircə bu zəruri yolla həll edilməsini çatdırmır. Əksinə ağıl və məntiqlə çıxış yolu tapmağa göstəriş verir. Buna əsasən problemi düşüncəli və zərərsiz həll etmək mümkün olarsa, fiziki yolla tənbeh etməyə lüzum yoxdur. Hətta belə də demək olar ki, indiki əsr mədəniyyətində fiziki yolla tənbeh etmək bəyənilməyən bir əməl olarsa və qadın mənliyi, ləyaqəti ilə ziddiyyət təşkil edərsə və ona qarşı təhqir sayılarsa, belə bir işin tövsiyə olunmasına sübut və dəlil yoxdur. İrşadi əmrlərdən önəmli sayılan məsələ məqsədə çatmaqdır. Bu zəruri göstəriş hesab olunmur. b) Fiziki yolla tənbeh etməyə icazə verilmişdir, amma bu dini mənbələrdə və fiqhi kitablarda qeyd olunduğu kimi sınıqlığa, yaralanmağa, kobudluğa və bədənin qızarmasına səbəb olmayan yüngül və yumşaq şəkildə olmalıdır. Əks təqdirdə qadının qisas və diyə haqqı vardır. Buna görə də, şiə və sünni hədislərində tənbeh zamanı misvak çubuğu ilə vurmaq qeyd olunmuşdur. Bu da öz növbəsində vurmağın ən yüngül formasının göstəricisidir. Google.az