Qadın qəhrəman yox, xoşətirli bir güldür
Qadın qəhrəman yox, xoşətirli bir güldür
0 Vote
72 View
Bəzi ağır işlərin qadının öhdəliyindən götürülməsinə səbəb, onun zərif olmasıdır. Əlbəttə bu işlər «əzimət» həddində deyil, «roxsət» həddindədir. «Əzimət»in mənası budur ki, əgər bir şey qadağan olunarsa, heç kimin o işi görməyə haqqı yoxdur. Həmçinin, bir şeyə əmr olunarsa, onu yerinə yetirməkdən başqa çarə yoxdur (səfərdə olan şəxsə dörd rəkətli namazı bütöv qılmaq və oruc tutmaq qadağan olduğu kimi və ya cihad əmri verilərkən cihada getməyin vacib olduğu kimi). Belə əmr və qadağalar termin kimi «əzimət» adlanır. «Roxsət» isə vacib bir əməlin haram olmamaq şərti ilə insanın öhdəliyindən götürülməsi deməkdir. Misal üçün, cümə namazında iştirak etmək qadına vacib edilməmişdir. Ancaq bu hökmün mənası, onun belə ibadətlərdə iştirakının qadağan olunması, yaxud fəzilətinin azalması mənasında deyil. Peyğəmbər (s) Əli (ə)-a etdiyi vəsiyyətində, qadının cümə və camaat namazlarında, dəfn mərasimlərində iştirak etməsi haqqında, belə buyurub: «Xanımlar üçün cümə, camaat namazı, azan və iqamə (kişilərə nisbət) az təkid olunubdur» (Biharul-ənvar, səh.115). Qadına vacib edilməyən bu əməllər «əzimət» həddində deyil, «roxsət» həddindədir.Yəni qadın, öz zərifliyinə görə, belə çətin əməllərə məsuliyyət daşımır. Ancaq bu, heç də onun bu işlərə qadağan olunması mənasında deyil. Misal olaraq deyə bilərik ki, cümə namazının hökmlərindən biri budur ki, iki fərsəxlik (bir şəri fərsəx təqribən 5,5 km-dir) məsafədə təşkil olunan cümə namazında mükəlləfin iştirakı vacibdir. Həmçinin, iki cümə namazının arasındakı məsafə ayrılığı bir fərsəxdən az olmamalıdır. Məlumdur ki, qadının belə çətin ibadətlərdə iştirak etməsi, ona nə qədər əziyyətli olardı. Buna görə də, belə əməllər qadına vacib edilməmişdir. Bununla yanaşı qadın, belə çətin əməllərdən məhrum da olunmamışdır. Yəni əgər qadın, bütün çətinliklərə dözərək, cümə namazında iştirak edərsə, həm ibadəti qəbul olunar, həm də əməlinin fəzilətindən heç bir şey azalmaz. İkinci misalımız camaat namazı haqqındadır. İslamın ilk dövrlərində, münafiqlərin törətmək istədikləri nifaq və ixtilafların qarşısını almaq üçün, Allahın Rəsuluna (s) belə bir hökm gəlir: «Camaat namazında iştirak etməyənlərin, İslamın tədricən zəifləməyini istəyənlərin, həmçinin, camaat namazında iştirak etməyə imkanı olan halda bundan boyun qaçırıb namaza yüngül yanaşanların evlərini yandırın» (Vəsailuş-şiə, c.5, səh.376). Bu əsasla, Peyğəmbərin (s) təşkil etdiyi camaat namazlarında iştirak etmək vacib, onu üzürsüz səbəbə tərk etmək isə qadağan idi. Başqa bir misal kimi cihad mövzusuna da toxuna bilərik. Qadın, cihadla əlaqəli bir sıra məsələlərdə iştirak etmək qüdrətinə malikdir. Belə ki, cihad – yalnız səngərlərdə silahla döyüşməyə deyilmir. Bu məfhumun daha geniş mənaları mövcuddur. Cəbhəyə lazım olan kömək və tədarüklər də, cihadın mühüm məsələlərindən hesab olunur. Bu yolla qadın həm cihadın çətinliyindən kənarda qalır, həm də cihadın savabından bəhrələnmiş olur. Qadının müharibələrdən, cihad və mübarizələrdən kənarda qalması, yalnız «ibtidai cihadda» (ibtidai cihad müdafiə məqsədilə deyil, hücum məqsədilə verilən əmrdir) mümkündür. İbtidai cihad, bir çox müctəhidlərin hökmünə əsasən, məsumların göstərişi ilə olmalıdır. Amma müdafiə məqsədilə olan müharibələrdə isə qadın, hətta ordu başçısı vəzifəsini də daşıya bilər. Bəzən bu məsuliyyətli vəzifənin yerinə yetirilməsində nəinki ona icazə verilir, hətta vacib də ola bilir. Çünki müdafiə olunmaq hökmü kişiyə vacib olduğu kimi, qadına da vacibdir. Eyni zamanda hicrət hökmü də, həmişə cihadla eyni səviyyədə tutulmuş və həm kişiyə, həm də qadına vacib edilmişdir. Tarixə nəzər salsaq, İslamın ilk dövrlərində kişilərlə birlikdə qadınların da, mühacirət etdiyini görərik. Bu səbəbdən də, dövründən asılı olmayaraq, hicrətə zərurət yaranan zaman, həm kişi, həm də qadın öz vəzifələrini yerinə yetirməlidirlər. Qadınlar tərəfindən seçilmiş nümayəndənin Peyğəmbərə (s) verdiyi sual Qadının ictimai, mədəni və s. yerlərdə iştirak etmək haqqındakı bəhsimizi İslam Peyğəmbərinin (s) buyurduğu bir hədislə sona çatdırırıq. «Durrul Mənsur» kitabında Beyhəqidən nəql olunur: «Bir gün Peyğəmbər (s) öz səhabələrini ətrafına toplayaraq söhbət edərkən, Əsma binti Yəzid adlı ənsar bir qadın Həzrətin (s) hüzuruna gələrək dedi: «Mən bütün dünya qadınları tərəfindən seçilmiş bir nümayəndəyəm. Şərq və qərbdə elə bir qadın yoxdur ki, mənim sözümü eşidib qəbul etməsin. Siz də, bütün bəşəriyyətə göndərilmiş peyğəmbərsiniz. Sizə verəcəyim sual, təkcə ənsar və mədinə qadınlarına məxsus olan sual deyil, bütün qadınları maraqlandıran bir sualdır». Qadın, özünü təqdim etdikdən sonra, ədəblə sözünə başladı: «Canım sənə fəda olsun! Allah-Taala səni bütün insanlar üçün peyğəmbər seçdi. Biz də, sənin peyğəmbərliyinə iman gətirdik. Siz kişilər, bizdən daha fəzilətlisiniz. Çünki cümə və camaat namazlarında, dəfn mərasimlərində iştirak edir, xəstələrə baş çəkir, mütəmadi olaraq Həcc ziyarətinə gedir və Allah yolunda cihad edirsiniz. Bəs, biz qadınlar niyə bütün bunlardan məhrumuq? Daim evdarlıqla məşğul olur, siz kişilərin övladlarına baxırıq. (O dövrlər camaat arasında cahiliyyət dövrünün fikirləri hökm sürürdü. Həm müsəlmanların, həm də dünya qadınlarının nümayəndəsi olan bu qadın da, cahiliyyət dövrünün fikirlərinə əsaslanaraq, qadını ərinin uşaqlarına baxan hesab edir. Halbuki, uşaq həm kişiyə, həm də qadına mənsubdur.) Siz Həcc və ya cihada getdiyiniz zaman, biz evdə qalıb sizin mallarınızı qorumalıyıq. Beləliklə, biz qadınlar sizin heç bir fəzilətli əməllərinizə şərik deyilik». Həzrət Rəsul (s) qadını dinlədikdən sonra üzünü səhabələrinə tutub buyurdu: «İndiyə qədər dini məsələlər haqqında belə sual soruşan fəzilətli qadın gördünüzmü?» Bu hadisədən belə məlum olur ki, o dövrdə qadının dini məsələ haqqında etdiyi söhbətləri həm məsumlar, həm də başqa naməhrəm kişilər eşidə bilərdilər. Əgər belə söhbətlər İslamın ilk dövrlərində və Məkkədə baş versəydi, həmin dövrdə hələ hicab hökmünün olmadığı şübhəsi yarana bilərdi. Amma bu hadisə Mədinədə, ənsarların arasında hicab və bir çox dini-əxlaqi hökmlər gəldikdən sonra baş vermişdir. Səhabələr Peyğəmbərin (s) sualına cavab olaraq dedilər: «Biz qadının belə məqama çatmasını bilməzdik». Çünki cahil mühitdə yaşayan bir qadının, belə tərbiyə almasına heç bir şərait yox idi. Peyğəmbər (s) qadına üz tutub buyurdu: «Ey qadın! Həm özün bil və həm də nümayəndəlik etdiyin qadınlara söylə ki, ərin evdən kənarda gözünün qalıb günaha batmaması, qulağının ətrafdakı batil ahənglərdə qalmaması və əlinin xəyanətə uzanmaması üçün onun qayğısına qalmaq, fəzilətli bir işdir» («Usdul-ğabə», c.5, səh.399). Savab qazanıb Allaha yaxınlaşmaq istəyən qadınlar, bunu da bilməlidirlər ki, bizim xeyrimizi bizdən daha yaxşı bilən və qadını kişidən altı il əvvəl mükəlləf edərək Öz hüzuruna qəbul edən Allah, belə göstəriş verib ki, ailə əsasdır. Ailəni əsas bilməyənlər və onu yataqxana gözüylə görənlər isə qadını evdən, ailədən ayıraraq fəsad mərkəzlərinə çəkdilər. Bunun bariz nümunəsini inkişaf etmiş ölkələrdə görmək olar. Mərhum Əllamə Təbatəbai bu hədisi şərh edərkən deyir ki, onlar azadlıq adı altında qadını oyuncaq etmişlər. Ancaq din, qadını oyuncaq vasitəsi deyil, bir gül hesab edir. Onu ağır işlərdən çəkindirərək, məhv olmasının qarşısını alır. Nə onun naməhrəmlə, nə də naməhrəmin onunla təmasda olmasına yol verir. Çünki bu çiçək, yad əllərdə solub təravətini itirər. O gül, yalnız öz bağında olmalıdır ki, peyğəmbərlər yetişdirə bilsin. Qadınlar əgər ailələri ilə gözəl davransalar, ailənin idarəçiliyinə, uşaqların düzgün tərbiyəsinə, onlarla ədəbli rəftara, ismətin qorunmasına və övlad qarşısında münasib geyimə riayət etsələr, fəzilətli əməllərin boş qalmış yerini doldurmuş olarlar. Çünki bu əməllər, kişilərə xas olan və qadınların edə bilmədikləri fəzilətli əməllərə bərabərdir. Ayətullah Cavadi Amulinin «Qadın, cəlal və cəmal güzgüsündə» kitabından tərcümə Google.az