ĞULATIN ƏQAİDİ, ONLARIN QINANILMASI VƏ ƏBDULLAH BİN SƏBANIN LƏ᾽NƏTLƏNMƏSİ TAMAM BAŞQA MƏSƏLƏDİR
ĞULATIN ƏQAİDİ, ONLARIN QINANILMASI VƏ ƏBDULLAH BİN SƏBANIN LƏ᾽NƏTLƏNMƏSİ TAMAM BAŞQA MƏSƏLƏDİR
0 Vote
68 View
Də᾽vətçi: «Əmirəl-mö᾽minin həzrəti Əlinin (ə) bütün şiələri, Allah-təalanın seçilmiş qulları, Allah-təalaya, Onun qulu və rəsulu olan Məhəmmədə (s) itaət edən və Əli ibn Əbu Talib (ə) haqqında həzrət Peyğəmbərin buyurduğundan başqa bir şey söyləməyən kəslərdir. Bizlər həzrət Əlini (ə) Allahın saleh qulu və Rəsulallahın (s) da vəsisi və xəlifəsi bilirik. Biz, bu əqidədən başqa bir əqidəyə sahib olan kəsi özümüzdən uzaq sayır, onu mərdud bilirik. Məsələn, səbaiyyə, xətabiyyə, ğarəbiyyə, ulyaviyyə, muhamməsə, buzəyğiyyə və İranın bə᾽zi kənd və şəhərlərində, Mosul və Suriyada Əhli-Haqq adıyla tanınmış və sair bu kimi bə᾽zi ğulat qruplar da vardır. Bütün şiələr bu inancdadırlar; onları kafir, mürtəd və nəcis bilirlər. Şiə müctehidləri bütün fiqh və əhkam kitablarında ğulatı kafirlər cərgəsində zikr edirlər; çünki onlar artıq dərəcədə azğın inanclara sahibdirlər. Məsələn, deyirlər ki: «Ruhani şeyin, cismani halda zühur etməsi mümkün deyildir. Cəbrail «Dehyei-Kəlbi» surətində həzrət Peyğəmbərə zahir olurdu; Haqqın (Allahın) hikməti həkimanəsi, zatı əqdəsinin bəşər surətində aşkar olması lazım gəlirdi. Buna görə, həzrət Əlinin surətində zahir oldu!». Bax bu səbəbdən, həzrəti Əlinin (ə) məqamını həzrət Peyğəmbərin (s) müqəddəs məqamından daha uca bilirlər. Həzrəti Əlinin (ə) yaşadığı dövürdən e᾽tibarən, insu-cin şeytanlarının aldatmalarıyla, bir qrup insanlar bu əqidəyə sahib olmuşlar. Həzrəti Əlinin (ə) özü Hindistan və Sudandan gələn və o həzrətin ilahlığını iddia edən bir qrup insanlara xeyli nəsihət etdi. Bu nəsihətlərin bir fayda vermədiyini gördükdə, onların dumanlı quyularda (tarix kitablarında nəql edildiyinə görə) öldürülmələrini əmr etdi. Bu hadisənin izahı, «Biharul-ənvar» kitabının VΙ cildində ətraflı şəkildə zikr edilmişdir. Əmirəl-mö᾽minin həzrət Əli və digər mə᾽sum imamlar (Allahın salamı olsun onlara), onlara lə᾽nət edib, özlərindən uzaqlaşdırmış və onlardan təbərri etmişlər. Yenə bizim mö᾽təbər kitablarımızda mövlamız Əmirəl-mö᾽minin Əlinin (ə) belə dua etdiyi nəql olunmuşdur: «Allahım! İsa bin Məryəmin Nəsaradan (Xristianlar) təbərri etdiyi kimi, mən də ğulatdan uzağam. Allahım! Onları daima zəlil et və heç birinə yardım etmə». Digər bir rivayətdə də, həzrət Əli (ə) belə buyurmuşdur: «Mənə görə iki qrup insanlar həlak olacaqdır (bu işdə mənim heç bir günahım yoxdur): Sevgidə həddini aşanlar (yə᾽ni ifrat və ğuluv edənlər) və sevməyib geri qalanlar (yə᾽ni düşmən olanlar). Biz, haqqımızda həddini aşacaq dərəcədə ğuluv (mübalağa) edən kəslərdən, İsa bin Məryəmin nəsranilərdən təbərri etdiyi kimi təbərri edir və Allaha sığınırıq». Həzrət Əli (ə) yenə buyurmuşdur: «Mənə münasibətdə ifrata varan iki qrup insan həlak olacaqdır: Ğuluv edərək sevən və nifrət edərək düşmənlik edən». Bax bu səbəbdən, on iki imam şiələri, Əmirəl-mö᾽minin Əli (ə) və mütəhhər Əhli-beyti haqqında nəzm və nəsir olaraq ğuluv edən, onları Allah və Rəsulunun müəyyən etdiyi məqamın kənarına çıxaran və übudiyyət məqamından rübubiyyət məqamına yüksəldən kəslərdən təbərri edirlər. Belə bir əqidəyə sahib olan kəslər bizdən deyilər; onlar ğulat və məl᾽unlardandırlar. Sizlər şiə camaatını onlardan ayrı bilməlisiniz. Çünki imamiyyə alimləri, ğulatın kafir və nəcis olmalarına icma etmişlər. Əgər şiə fəqihlərinin «Cəvahirül-kəlam», «Məsaliq» və digər kitablarına, mərhum Ayətullah Yəzdinin (quddisə sirruh) «Urvətul-vüsqa» və Ayətullahil-uzma İsfahaninin (muddə zilluhul-ali) «Vəsilətun-nicat» adlı risalələrinə (kitablarına) müraciət etsəniz, «Təharət», «Zəkat», «Nigah» və «İrs» bablarında müctehidlərimizin onların kafir və nəcis olduqlarına dair fitvalarını görərsiniz. Bütün müctehidlərimiz, onların qüsul və dəfnində iştirak etmənin, onlarla evlənmənin, müsəlmanın miras haqqının və hətta sədəqə və zəkatın onlara verilməsinin caiz olmadığına dair fitva vermişlər. Qurtuluş əhli olan şiələr, kəlam və əqaid kitablarında, bu fasid və kafir firqədən təbərri etmənin hər müsəlmana, xüsusilə əqidələri xalis olan şiələrə fərz və lazımlı olduğu, geniş bir şəkildə, dəlillərlə açıqlanmışdır. Ğulatın inkarına dair kifayət qədər ayə və hədis mövcuddur; biz onlardan bə᾽zisini sizlərə bildiririk. Allah-təala, Maidə surəsinin 77-ci ayəsində belə buyurur: «De ki: «Ey kitab əhli, haqqsız yerə dininiz mövzusunda [İsanı nübuvvət məqamından ilahlıq məqamına qaldıraraq] ifrata getməyin və əvvəldə, bir çoxunu azdırmış və düz yoldan çəkindirmiş bir qövmün [xristian keşişlərinin] həvayi-nəfslərinə uymayın». Mərhum Əllamə Məclisi (quddisə sirruh) şiənin elm ensiklopediyası olan «Biharul-ənvar» kitabının 30-cu cildində onların (ğulat) qınanması və risalət ailəsinin onların iddia etdiyi şeydən uzaq olmaları xüsusunda bir çox rivayətlər nəql etmişdir. Məsələn, imam Cəfər Sadiqdən (ə) nəql etmiş olduğu hədisin mə᾽nası məxsus olaraq belədir: «Biz, Allah-təalanın bizi yaratdığı və seçdiyi qullarıq… Biz mütləq öləcəyik, sorğu-sual olunacağıq (biz də sizin kimi bəşərik). Ğulatı sevən bizə nifrət etmişdir; onlara nifrət edən bizi sevmişdir. Kafir və müfəvvize olan ğulat, müşrikdirlər; Allah ğulata lə᾽nət etsin». Yenə şiənin böyük rəhbərlərindən olan İmam Cəfər Sadiqin (ə) belə buyurduğunu nəql etmişlər: «Allah, Əbdullah bin Səbaya lə᾽nət etsin; o Əmirəl-mö᾽minin Əli (ə) haqqında rübubiyyət (ilahçılıq) iddiası etdi. Allaha andolsun ki, Əmirəl-mö᾽minin Əli (ə), Allahın itaət edən qullu idi. Bizə böhtan deyən qullara yazıqlar olsun! Bə᾽zi kəslər, söyləmədiyimiz şeyi bizim haqqımızda söyləyirlər. Biz onlardan təbərri edib, Allaha sığınırıq. Yenə biz onlardan təbərri edib, Allaha sığınırıq». Şiə fəqihlərinin iftixarı olan Əbu Cəfər Məhəmməd bin Əli bin Hüseyn bin Musa bin Babeveyh Qummi (quddisə sirruh) «Əqaidi-Səduq» kitabında şiənin e᾽tibarlı ravilərindən, Əhli-beytin elmini qoruyanlardan və həzrət Baqirul-Ulum və həzrət Sadiqin (ə) əshabından olan Zürarə bin Ayəndən belə bir rəvayət nəql etmişdir: «İmam Sadiqə (ə), «Əbdullah bin Səbanın övladlarından biri təfvizə inanır»deyə ərz etdim. İmam (ə); «Təfviz nədir?» deyə soruşdu. Belə deyirlər deyə ərz etdim: «Allah-təala Məhəmməd və Əlini yaratdı, sonra qulların işlərini onlara təfviz etdi (öhdəsinə buraxdı), onlar da yaratdılar, rızq verdilər, diriltdilər və öldürdülər». İmam (ə) bu sözü eşidcək, belə buyurdu: «Allahın düşməni yalan söyləmişdir; gedib Rə᾽d surəsindəki bu ayəni ona oxu: «Yoxsa Allaha bir sıra şəriklər qoşdular ki, Onun (Allahın) yaratdığı kimi [guya onlar da] yaratdılar və sonra da [bu iki] yaranmışlar [qarışıb] bir-birinə oxşadılar. De: «Hər şeyin yaradanı yalnız Allahdır və O, təkdir, hər şeyə qadirdir» . Daha sonra buyurdu: «Bu ayə, Allah-təalanın birliyinə aşkar şəkildə dəlalət etməkdədir». Zürarə belə deyir: «Onun yanına qayıtdıqda, İmamın (ə) buyurduğu bu ayəni ona oxudum. Bu ayəni oxumaqla, sanki onun ağzına bir daş qoydum, beləcə, susub qaldı». Ğulat firqəsini qınamaq və onları lə᾽nətləmək xüsusunda buna bənzər bir çox rəvayətlər bizim e᾽tibarlı kitablarımızda yer almaqdadır. Avam xalqın aldadılmasına səbəb ola bilən sözləri ağzınıza almamağınız və ədli ilahi məhkəməsində mühakimə edilməməniz üçün bizim sizin alimlərinizin kitablarını oxuduğumuz kimi, sizin də şiə alimlərinin e᾽tibarlı kitablarını oxumağınız yaxşı olardı. Möhtərəm ağaların insafla danışmaqlarını istəyirəm; görəsən, imamlarımızın, şiələri hidayət etmələri üçün belə bəyan etdikləri və həqiqi şiələri, yə᾽ni həzrəti Əlinin (ə) tə᾽qibçiləri və övladları, rəhbərlərindən belə rəvayətləri eşdikləri halda, yenə də onları Allah və ya İlahilik məqamına ucaldarlarmı? Ğulat firqəsi tamamilə bizdən uzaqdır, biz də onlardan uzağıq. Zahirdə şiəlik iddiasında olsalar da, Allah-təala, Peyğəmbər (s), Əli (ə) və Əli övladları hamısı və bütün şiələr onlardan uzaqdırlar. Çünki mövlamız Əmirəl-mö᾽minin həzrət Əli (ə) ğulatların rəhbəri olan məl᾽un Əbdullah bin Səbanı üç gün həbs etmiş, tövbə etməsini istəmiş, qəbul etmədikdə, məcburən onu oda atıb yandırmışdır. Allah xatirinə, e᾽tiraf edin, alimlərinizin təəssübkeşliklərindən və keçmişlərinə uyaraq «şiə məktəbinin qurucusu məl᾽un Əbdullah bin Səbadır» demələri və ya yazmaları utandırıcı deyilmi? Şiə alimləri bu məsələ ilə bağlı bütün kitablarında imamlarına bağlanmış, Əbdullah bin Səbanı məl᾽un bilmişlər. Əbdullah bin Səbaya uyan kəslər də məl᾽undurlar, çünki onlar ğulatdırlar. Peyğəmbərin (s) Əhli-beyti haqqında ifratçı düşüncəyə sahib olanlardırlar. Əgər sizin təəssübkeş alimlərinizin yazdığı və digər şəxslərin də kor-koranə onlara bağlanaraq tədbirlərdə və minbərlərdə söylədikləri kimi, məl᾽un Əbdullah bin Səba şiə məktəbinin qurucusu və şiələr də onun tə᾽qibçiləri olsaydı, o zaman ən azından şiə kitablarından birində o vəsf edilərdi. Əgər siz şiə alimlərinin kitablarının sadəcə olaraq birində məl᾽un Əbdullah bin Səbanı mədh etdiklərini göstərsəniz, mən bütün sözlərinizə təslim olacağam. Amma əgər göstərməsəniz (qətiyyən göstərə bilməzsiniz), o zaman hesab günündən və ədli ilahi məhkəməsindən qorxun və pak müvəhhid şiələri məl᾽un Əbdullah bin Səbanın tə᾽qibçiləri kimi tanıtmayın və məsələni hər şeydən xəbərsiz avam xalqa yanlış çatdırmayın. Yenə alicənab qardaşlardan ricam budur ki, elm əhlindən olduğunuz üçün daima qayda, elm, məntiq və həqiqət üzərində danışın; düşmənlərin inadkarcasına şiələrə nisbət verdikləri azğın və məntiqsiz sözlərdən çəkinin». Hafiz: «Sizin qardaşcasına söylədiyiniz nəsihətlərinizi ağıllı olan hər kəs qəbul edib, diqqət edir. Lakin icazənizlə, məndə həmahənglik olması üçün bə᾽zi şeyləri ərz edim». Də᾽vətçi: «Çox şad olaram, buyurun». Hafiz: «Siz söhbətlərinizdə daima; «Biz imamlar haqqında ğuluv etmirik» deyirsiniz, ğulatı məl᾽un və cəhənəm əhli bilirsiniz. Amma bu iki gecədə dəfələrlə imamlar haqqında sizdən bə᾽zi sözlər duyulur; bəyan etdiyiniz görə, onlar bu cür sözlərə razı deyildilər. Mümkünsə, siz də danışdığınızda qınanmağa yol açacaq sözlər söyləməməniz üçün diqqətli olun». Də᾽vətçi: «Mən təəssübkeş və cahil bir kəs deyiləm, danışığımda yanlışlıq olarsa, deyin, çox şad olaram. Çünki insan yanılan və unutqan bir varlıqdır. Bu iki gecədə hidayət imamlarının rizasına zidd olan, elm, əqil və məntiqlə uyğun olmayan şeylər görsəniz, rica edirəm ki, açıq şəkildə bəyan edin». Hafiz: «Bu iki gecədə dəfələrlə imamlarınızın adını dedikdə, «Rədiyallahu ənhum» yerinə «Salamullahi əleyhim» və ya «Salavatullahi əleyhim» buyurdunuz. Bu isə, özünüz də bildiyiniz kimi, Əhzab surəsindəki bu ayənin hökmüylə «Heç şübhəsiz, Allah və mələkləri Peyğəmbərə salat edirlər. Ey iman edənlər, siz də ona salat edin və tam bir təslimiyyətlə ona salam verin» salat və salam sadəcə Rəsulallaha (s) məxsusdur. Amma siz danışığınızda imamlar haqqında salat və salam söyləyirsiniz. Etdiyiniz bu əməlin Qur᾽anın tə᾽birinə zidd olması, çox aşkar görünür. Sizə qarşı irəli sürülən iradlardan biri, bax elə bu məsələdir. Belə bir şey bid᾽ətdir, «bid᾽ət əhli də, zəlalət əhlidir» deyirlər». "Pişəvər gecələri"