Məktəbə biganəliyin əlamətləri nədir?

Belə uşaqlar, adətən, məktəbə getməmək üçün bəhanə axtarırlar. Amma dərslərini yaxşı oxumadığı halda məktəbə tələsən uşaqlar da var. Belə uşaqları məktəbə həvəsləndirən onların ruhi ehtiyaclarını ödəyən ictimai mühitdir. Bəzən uşağın məktəbə uyğunlaşa bilməməsi, onun öz dırnağını çeynəməsi, yatağını islatması, dilinin topuq vurması kimi əlamətlərlə müşayiət olunur. Bu əlamətlərdən məlum olur ki, uşağın məktəbə uyğunlaşması üçün köməyə ehtiyac var. İstər davranış, istərsə də təhsildəki problemlər valideyni narahat etməlidir. Valideyn məktəblə əlaqə saxlamalı, bu problemlərin səbəbini tapmalıdır. Uşağın təhsildəki müvəffəqiyyətsizliyi onun əsəb sistemindəki yorğunluqla bağlı ola bilər. Bu yorğunluğu psixoloji problem hesab etməyin. Bir sıra fiziki çatışmazlıqlar ruhi çatışmazlıqlara oxşar olur. Əslində bu problemlər uşağın yaddaşı ilə bağlı olur. Dərs proqramı ilə ayaqlaşa bilməyən uşaq əsəb gərginliyi keçirir. Düzgün oxuyub yazmaq, xəttini düzəltmək bir çox uşaqları yorur. Əslində psixoloji problemlər bu sayaq əsəb yorğunluqlarından yaranır. Ona görə də uşağa vaxtında kömək etmək lazımdır. Bu problemlər vaxtında həll olunmadıqda üst-üstə qalaqlanır, ciddi psixi sarsıntılar yaradır. Məktəb illəri uşağın həyatında ən böhranlı dövrdür. Bu dövrə məxsus problemlər vaxtında həll olunmadıqda onları sonradan tam şəkildə həll etmək mümkün olmur. Bilməlisiniz ki, məktəb problemlərini həll edib, övladınız üçün münasib şərait yaratmaq imkanınız daxilində olan bir işdir. Bu işdə psixoloqların köməyindən istifadə etmək olar. Əksər məktəblərdə uyğun problemlərlə məşğul olan mütəxəssislər olsa da, fərdi şəkildə peşəkar psixoloqla əlaqə saxlayın. Adətən, diqqətdən yayınan bir məsələyə də toxunmaq istəyirəm. Bəzən məktəbə mənfi münasibətin səbəbi uşaqda yox, məktəbin özündə olur. Məktəbdəki durumdan xəbərdar olmadan uşağı təqsirləndirməyin. Bəzən məktəblərdə uşaqların tutumuna lazımı diqqət göstərilmədiyindən, uşaq həvəsdən düşür. Bəzən uşaqda zəiflik doğuran sinif şəraiti, ya da müəllimin ifrat ciddiliyi olur. Çox istedadlı uşaq da qeyri-münasib şəraitdə küt görünə bilər. Uşaq sizin müəllimə və məktəbə qarşı iradlarınızdan xəbər tutmamalıdır. Sizin bu mövqeyiniz uşağın məktəb və müəllimə son inam bağlarını qıra bilər.