Drawer trigger

Nə üçün bəzi uşaqlar məktəb ev tapşırıqlarını həvəssiz yerinə yetirirlər?

Əksər uşaqlar məktəb tapşırıqlarını xoşlamırlar. Amma bu münasibətin yaranmasında tapşırıqların çoxluğu və çətinliyi böyük rol oynayır. Bu işdə bəzən valideynlər də günahkar olur. Onlar arabir evə təzəcə çatmış uşağı yorğun-yorğun ev tapşırıqlarını yazmağa vadar edirlər. Beləcə uşaqda ev tapşırığına nifrət oyanır. Bu işdə müəllim də müqəssir ola bilər. Bəzi müəllimlər hədsiz və çətin tapşırıqlarla sanki uşaqları cəzalandırırlar. Onlara elə gəlir ki, ev tapşırıqlarından tənbeh kimi istifadə etmək olar. Hansı ki, belə bir üsul ev tapşırıqlarının elmi dəyərini puça çıxarır. Müəllimin ifrat ciddiliyi səbəbindən uşaq səhv etməkdən qorxarsa, bu qorxu onun qavrayışına mənfi təsir göstərər. Unutmaq olmaz ki, ev tapşırıqları məntiqi cəhətdən əsaslı olmalıdır. Bütün normalara uyğun gələn ev tapşırıqları da uşaq üçün ürəkaçan olmur. Uşağa anlatmaq lazımdır ki, ev tapşırıqları maraqsız olsa da, onları yerinə yetirmək faydalıdır.