ZÜLMKARLIQ
ZÜLMKARLIQ
0 Vote
109 View
Ədalətin ictimaiyyətdə oynadığı rol Tarixə nəzər saldıqda və baş verən cərəyanları araşdırdıqda bunun şahidi oluruq ki, müxtəlif dövrlərdə bütün millətlər arasında müqəddəs "ədalət" kəlməsi baş verən bir çox inqilabi hərəkatların və siyasi cərəyanların əsasını təşkil etmişdir. Haqq-ədalətdən məhrum olmaq, təcavüz və zorakılıqdan cana gəlmək insanların ruhiyyələrini o qədər həyəcanlandırmışdır ki, mərd-mərdanə mübarizə meydanına qədəm qoyaraq hamılıqla hakim təbəqəyə qarşı çıxmışlar və cəsarətlə öz etirazlarını bildirmişlər. Bu cəsur insanlar zülm və haqsızlığın aradan qaldırılmasında yorulmadan mübarizə aparmış və canlarının bahasına olsa da belə, heç bir fədakarlıqdan boyun qaçırmamışlar. Lakin təəssüflər olsun ki, bu hərəkat və cərəyanların bir çoxu müvəffəqiyyət qazana bilməmiş, arzu və qarşılarına qoyduğu məqsədə çatmamışdır. Onların uğursuzluqlarının səbəbləri aşağıda qeyd olunanlara diqqət yetirdikdə aşkar olur: –Cəmiyyət öz təbii axarından çıxaraq pisliklərə adət etdikdə, artıq heç vaxt ədalət və bərabərliyə tabe olmaq istəmir. İstənilən şəraiti əldə etmək üçün haqq-ədaləti bərqərar etmək tamamilə mümkündür. Həmin şərait yaranmadıqda isə ədalətin həqiqi siması həyat üfüqündə heç vaxt doğmayacaqdır. –Hər şeydən əvvəl cəmiyyət "ədalət" üzərinə qoyulmuş qanuna ehtiyac duyur. Belə ki, orada bütün ictimai təbəqələrin hüquqları nəzərə alınmalı və ümumi mənafe ilə həmahəng olmalıdır. Yalnız bundan sonra təlim-tərbiyə və əxlaqi dəyərlər onun inkişaf və geniş vüsət tapmasına təsir göstərə bilər. –Ədalət, yaradılmış aləmdə müşahidə olunan bir qanundur. Dünyanın keçməli olduğu mərhələ onun əsasında müəyyənləşdirilmiş və onda hər hansı bir dəyişikliyin aparılması qeyri-mümkündür. –Öz vücudumuzda şahid olduğumuz əsraramiz həmahənglik yaradılış aləmində hökm sürən ədalət və bərabərlikdən xəbər verir və biz öz vücudumuza nəzər salmaqla bu böyük nəzm-intizamdan agah ola bilərik. Yaradılış aləmində hökm sürən bərabərlik icbari bir müvazinətdir. Lakin bəşər azad düşüncə və iradəyə yiyələndiyi üçün ədalət də onun yaşadığı cəmiyyətdə öz istək və iradəsi ilə bərqərar olunmalıdır. İnsanın şüur və düşüncə qüvvəsi bəzi məsələlərdə şəriət qanunlarına ehtiyac duymadan özü müstəqil olaraq həqiqəti dərk edib onun əsasında hökm çıxarmağa qadirdir. Ağıl yaxşı və xeyirxah işləri yüksək qiymətləndirir, xoşagəlməz və nalayiq rəftar və davranışlara qarşı isə barışmaz mövqe tutur. Ədalət bəşəriyyətin həyatında böyük əhəmiyyət kəsb etməklə yanaşı, bütün gözəl əxlaqi xüsusiyyətlərin mənşəyini təşkil edir. Bir sözlə, ədalət insanı xeyirxah işlərə sövq edən bir xüsusiyyətdir. İnsanları bir-birlərinə yaxınlaşdıraraq onların arasında birlik və səmimiyyətin yaranmasına səbəb olan da məhz ədalətdir. Məşhur Yunan filosofu Əflatun deyir: "İnsanın vücudunda ədalət nuru şölələndikdə onun nuru insanın bütün xüsusiyyətlərinə də işıq saçır. Çünki insanın bütün gözəl xüsusiyyətləri məhz ədalətdən ilham alır və onu xeyirxah işlər görməyə qadir edir. Bu isə səadət və xoşbəxtliyin son nöqtəsi və insanın Allaha yaxınlaşması deməkdir." Əgər həyatın əsasını ədalət təşkil etdiyini və onun ən zəruri məsələlərdən biri olduğunu desək, səhvə yol vermərik. Haqq-ədalətin bərqərar olunması ilə insanın həyatında yeni bir fəsil başlanır və ictimaiyyətin hərəkətsiz vücuduna yeni ruh üfürülmüş olur. Ədalət, həyata can və özünəməxsus bir gözəllik bəxş edir. Həyata davam etməyə və çətinliklərinin aradan qaldırılmasına qadir olan cəmiyyət də, məhz haqq-ədalət üzərində qurulmuş və ona arxalanan bir cəmiyyətdir. Zülmkarlığın yandırıcı şölələri Zülm və sitəmkarlığın ictimaiyyətin parçalanmasına, ictimai və əxlaqi əmin-amanlığın məhv olub aradan getməsinə səbəb olması elə bir inkaredilməz həqiqətdir ki, hətta dinə heç bir etiqadı olmayan şəxslər belə ona etiraf edə bilər. Zülmkarlıq baş alıb getməklə əlaqələr kəsilir və hərc-mərclik ictimaiyyətə hakim olmağa başlayır. Haqq-ədaləti ayaqları altına atan sitəmkar dövlətlər tezliklə zəifləyib parçalanmışlar. Tarixə nəzər saldıqda bir daha bu həqiqətin şahidi oluruq ki, zülmkar qüvvələr nə qədər böyük qüdrətə malik olsalar da nəhayət, törətdikləri cinayətlərin acı aqibəti ilə qarşılaşaraq özlərini ağır fəlakətə düçar edirlər. Bu barədə kifayət qədər misal və tarixi dəlillərə işarə etmək olar. Lakin biz onlardan biri ilə kifayətlənib tarixin canlı şahidlərindən biri olmuş Məhəmməd ibn Əbdülməlik barədə söhbət açmaq istəyirik: –Abbasilər sülaləsinin vəzirlərindən biri olan bu şəxs vəzir olduğu illər ərzində yüksək mövqeyə malik olmuşdur. Son dərəcə zülmkar və daşürəkli olan Əbdülməlik dustaqları cəzalandırmaq üçün divarlarına şiş mıxlar vurulmuş dəmir təndir düzəltdirmiş və həbs olunanları onun içinə ataraq təndirin hərarətini artırmış və beləliklə, bədbəxt dustaqlar acınacaqlı bir vəziyyətdə can vermişlər. Mütəvəkkil hakimiyyətə gəldikdən sonra isə Əbdülməlik vəzirlikdən kənarlaşdırılır və özünün düzəltdirdiyi təndirə atılır. O, ömrünün son anlarında kağız-qələm istəyir və orada iki beyt şeir yazır: Şerin məzmunu: “Dünya bir yoldur və hər gün ondan ötüb keçmək gərəkdir. O, yuxu tək gözlər önündə canlanar. Sakit ol və narazılıq etmə. Bu dünya var-dövlət tək hər gün bir millətin və ya qövmün əlinə düşər.” Mütəvvəkil məktubu oxuduqdan sonra vəzirin azad olunmasını əmr edir. Lakin artıq gec idi, çünki vəzir acınacaqlı bir vəziyyətdə dünyasını dəyişmiş idi! Bəli, dünyanı ölüm-dirim meydanına çevirən şəxslər öz qüdrət və mövqeylərini qorumaq üçün hər şeydən məhrum olan zəif təbəqəyə ağlasığılmaz əzab və işkəncələr vermiş və ağır cinayətlərə əl atmışdır. Lakin çox keçmədən sinələr qəzəblə dolmuş və ani bir sıçrayışla qanlı inqilablar həyat səhnəsini tamamilə dəyişmişdir. Zülm və sitəmkarlıq hər hansı bir müəyyən təbəqəyə aid deyildir. Hər bir şəxs istənilən şəraitdə əgər həyatın naz-nemətlərindən bəhrələnmək üçün heç nəyi nəzərə almadan qanundan kənara çıxarsa, başqalarının hüququnu tapdalayaraq onlara qarşı zülm etmiş olur. Lakin təəssüflər olsun ki, bu günlər yaşadığımız dünyada zülm və sitəmkarlıq günbəgün artır, bəşəriyyətin sivilizasiyasını ciddi təhlükə ilə üzləşdirir. Sitəmkarlara qulluq edən muzdurlar bacardıqları qədər başqalarının hüquqlarını tapdalayır və dayağı olmayan millətlərin var-dövlətlərini qarət edirlər. Dinin zülmkarlıqla mübarizəsi “Kəhf” surəsinin 59-cu ayəsində zülmkarların acınacaqlı aqibətləri haqda buyurulur: “O məmləkətlərin əhalisini zülm etdikləri zaman məhv etdik.” Dini rəhbərlər daim ictimaiyyətin davam gətirib parçalanmamasına diqqət yetirmişlər. Cəmiyyətdə haqq-ədalətin bərqərar olunmasını qarşılarına yeganə məqsəd qoyaraq cəmiyyəti zülm və haqsızlıqlara qarşı mübarizəyə istiqamətləndirmişlər. Möhkəm iradəyə yiyələnən bu şəxslər zülmkarlığı böyük günah hesab edərək, belə bir qeyri-insani xüsusiyyətə malik olan şəxsləri haqq-ədalət qarşısında diz çökməyə vadar etmişlər. Zülm və zülmkarlıq onların nəzərində o qədər böyük əhəmiyyət kəsb etmişdir ki, hətta Allaha şərik qoşmağı belə bir növ zülm hesab etmişlər. Ümumiyyətlə, ədalətpərvər din rəhbərlərinin üsulu zülm və haqsızlıqlara qarşı mübarizə etməkdən ibarət olmuşdur. “Hədid” surəsinin 25-ci ayəsində buyurulur: “And olsun ki, Biz peyğəmbərlərimizi açıq-aşkar dəlillərlə [möcüzələrlə] göndərdik. Biz onlarla birlikdə [Allahın hökmlərini bildirən səmavi] kitab və ədalət tərəzisi [şəriət] nazil etdik ki, insanlar [bir-biri] ilə ədalətlə rəftar etsinlər.” Müqəddəs İslam dininin ən başlıca məqsədi həyatın bütün sahələrində haqq-ədaləti bərqərar etmək olduğu üçün, öz davamçılarını heç nəyi və qarşı tərəfin kim olduğunu nəzərə almadan ədalət uğrunda mübarizə aparmağa vəzifələndirilmiş və kimlərə qarşı olursa-olsun, zülm və haqsızlığı kəskin surətdə qadağan etmişdir. “Maidə” surəsinin 8-ci ayəsində buyurulur: “Ey iman gətirənlər! Allah qarşısında [borcunuzu yerinə yetirməkdə] sabitqədəm və ədalətli şahidlər olun. Hər hansı bir camaata qarşı olan kininiz sizi ədalətsizliyə sövq etməsin. Ədalətli olun. Bu, təqvaya daha yaxındır!” “Nisa” surəsinin 58-ci ayəsində isə Allah-taala ədalətli hökm çıxarmaq barədə buyurur: “İnsanlar arasında höküm etdiyiniz zaman ədalətlə höküm edin!” İslam nöqteyi-nəzərində ədalət o qədər böyük əhəmiyyət kəsb edir ki, əgər hər hansı bir şəxs bütün müsbət xüsusiyyətlərə yiyələnər və bu xüsusiyyətə malik olmazsa, hakimlik vəzifəsini daşıya bilməz. Valideynin üzərinə düşən ən başlıca vəzifələrdən biri də övladları arasında fərq qoymayıb onlarla eyni səviyyədə davranmalarıdır. Ailədə uşaqların ədalətsevər olub zülm və haqsızlığa adət etməmələri üçün onlarla ədalətlə rəftar olunmalı və birini digərindən nə üstün, nə də aşağı tutmaq lazımdır. Belə ki, ailə mühitində valideynləri tərəfindən ədalətsiz rəftarlar müşahidə edən uşaqlar heç vaxt ədalət kimi gözəl xüsusiyyətə yiyələnmirlər. Onlar ədalətdən uzaq olmaqla yanaşı, bir çox hallarda zülm və haqsızlığa üz tutur və başqalarının hüquqlarını tapdalayaraq cəmiyyətdə hərc-mərcliyin baş alıb getməsinə səbəb olurlar. Yaranmış belə bir şəraitdə nəinki cəmiyyət, hətta valideynlər belə öz övladlarından ədalətsiz rəftar və davranışlar görürlər. Bunun üçün də Peyğəmbər (s) bu mətləbə xüsusi diqqət yetirmiş və öz davamçılarına haqq-ədalətə riayət etməyi buyurmuşdur. "Övladlarınızın sizinlə hörmət və məhəbbətlə rəftar etmələrini istəyirsinizsə, onlara bir şey verdikdə ədalətə riayət edin!" Bertrand Rassel deyir: –İnsanın nəfsi buxar kimi daim çalxalanmaqda və genişlənməkdədir. Bu baxımdan da uşaqları tərbiyə etməkdə ən başlıca məqsəd xarici təzyiqləri onların şüur və təfəkküründə döymək və işkəncə etməklə deyil, adət, fikir və səmimi əlaqələr kimi canlandırmaqdadır. Bu işdə lazım olan şey isə ədalətdir. Ədalət, elə bir məfhumdur ki, biz onu tədriclə uşağın adət və təfəkkürünə daxil etməliyik. Düzgün tərbiyəyə yalnız o zaman nail olmaq olar ki, həmin uşaqla birlikdə digər uşaqlar da tərbiyə olunsunlar. Baxıb görürük ki, uşaqlar hər hansı bir şeydən eyni vaxtda bir neçə nəfərin istifadə edə bilmədiyi şeylərdə bir-birləri ilə çəkişir və mübahisə edirlər. Məsələn velosiped sürmək. Əgər bir neçə uşağın ixtiyarında cəmi bir velosiped olarsa, onların hər biri ədalətə riayət edib ondan növbə ilə istifadə etməyi başa düşürlər. Lakin eyni zamanda onlardan hər biri velosipeddən yalnız özü istifadə etməsini istəyir. Amma qəribə burasındadır ki, böyüklər onların arasında növbə yaratdıqda tez bir zamanda onların narazılığına son qoyulur. Mən belə bir əqidədə deyildim ki, ədalət zati bir hissdir. Lakin bu hissi belə bir qısa müddət ərzində uşaqda yaratmağın mümkün olduğunu gördükdə təəccüb etdim. Əlbəttə ədalət, həqiqi ədalət olmalı və uşaqlardan biri digərindən üstün tutulmamalıdır. Əgər uşaqlardan birini digərindən çox sevərsinizsə, bunu büruzə verməyib gözləməlisiniz ki, onlara qarşı münasibətiniz eyni səviyyədə olsun. Onlar üçün oyuncaq aldıqda belə biri digərindən üstün tutulmamalı və bərabərliyə riayət etmək lazımdır. Bütün bunlara riayət etmədikdə isə sonrakı tərbiyə və əxlaqi tövsiyə heç bir müsbət nəticə verməyəcəkdir. Peyğəmbər (s) buyurur: "Allahdan qorxun və başqalarının sizinlə gözəl davranmalarını istədiyiniz kimi, siz də övladlarınızla ədalətlə davranın!" Əli (ə), Məhəmməd ibn Əbu Bəkri Misirə hakim təyin etdiyi zaman belə tövsiyə edir: "Misir camaatını qanadının altına al və hamı ilə gülərüz və mehribanlıqla davran. Üzlərinə nəzər saldıqda elə ədalət və bərabərliyə riayət et ki, şəhərin böyükləri bir gün onlara qarşı zülm və haqsızlıq edəcəyini güman etməsinlər, yoxsul və çarəsizlər də sənin ədalətindən ümüdlərini üzməsinlər!" Allahın elçiləri haqq-ədalətin təməlini qoymuş və insani təkamülü meydana gətirmişlər. Əlinin (ə) xilafət dövründə bir gün böyük qardaşı Əqil onun yanına gəlir. Maddi vəziyyətindən gileylənib beytül-maldan payına düşən buğdadan bir batman artığını istəyir. Əli (ə), ona müsbət cavab verməyib qızdırılmış dəmiri ibrət üçün Əqilin bədəninə yaxınlaşdırır. Əqil uca səslə fəryad etdikdə Əli (ə) buyurur: "Anan yasına otursun! İnsanın qızdırdığı bu dəmir parçasından bu qədər qorxub fəryad edirsən. Bəs mən Allahın qəzəbindən şölələnən oda necə dözüm? Ola bilərmi ki, sən bədəninin əzabından fəryad çəkəsən, amma mən ruh və vicdanımın əzabına səbir edim?" Sonra sözlərinə davam edərək buyurur: "And olsun Allaha! Əgər dünyanı bütün naz-nemətləri ilə birlikdə mənə verib əvəzində qarışqanın ağzından arpa qabığını almağımı istəsələr, heç vaxt buna razı olmaram. Sizin nəzərinizdə gözəl görünən dünya mənim nəzərimdə hər şeydən aşağıdır və mən dünya malına görə hətta qarışqaya qarşı belə haqsızlıq etmərəm." Hüseyn ibn Əli (ə) zülm və haqsızlığa qarşı böyük bir inqilaba rəhbərlik etmiş və bu günkü günədək bəşəriyyət tarixinə nur saçan ədalət, insaniyyət və azadlıq sevərlik məktəbinin təməlini qoymuşdur. Kitabın adı: Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması Müəllif: Ustad Seyyid Müctəba Lari TƏRCÜMƏ EDƏN: İ.ƏHMƏDOV